AZAL-ın təyyarəsində QƏZALI VƏZİYYƏT: Sərnişinlər ŞOKDA
    • 12-12-2021, 13:02
    • 554

AZAL-ın təyyarəsində QƏZALI VƏZİYYƏT: Sərnişinlər ŞOKDA

Bu gün “AZAL-a məxsus Bakı-Moskva təyyarə reysində qəzalı vəziyyət yaranıb. 

Bu haqda News24.az-a təyyarədəki sərnişinlərdən biri məlumat verib.

Sərnişinin sözlərinə görə, təyyarə havaya qalxan məqamda güclü silkələnmə baş verib: “Təyyarə tərpənib irəli getdi, az sonra havaya qalxmalı idi. Amma həmin məqamda çox güclü silkələnmə baş verdi.  O dəqiqə hiss elədik ki, nəsə ciddi nasazlıq var. Nə yaxşı ki, havaya qalxmamışdı. Bu hal təyyarə havada olanda baş versəydi, Allah bilir, nə olardı...”

Sərnişin onu da qeyd edib ki, saat 10.40-da uçmalı olan təyyarə bu nasazlıq üzündən 2 saatdan artıqdır ki, yubanır: “Baş verənlər üzündən bizi təyyarədən endirdilər. Öncə başqa təyyarə ilə uçuşun təmin oluncağını dedilər. Amma reysin vaxtından 2 saat keçib, biz hələ də hava limanında gözləyirik”.
Baş verənlərlə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL)  ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. 

Bildirdi ki, Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir: "Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.  Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar."

Doğrudur, sərnişinlər yeni təyyarə ilə təmin oluna bilərlər. Bəs, hər məqamda vəziyyətdən çıxmağı bacaran AZAL sərnişinlərin yaşadığı narahatlığı, stress və gərginliyi necə kompensasiya edəcək?

Axı, bu, birinci hal deyil. Son zamanlar oxşar səbəblər üzündən saytımıza bir neçə belə şikayət daxil olub. Daha öncə də sərnişinlərdən biri təyyarədə aktiv koronavirus xəstəsi olduğu əsas gətirilərək hamının hava gəmisindən düşürüldüyünü və saatlarla aeroportda gözləməli olduqlarından şikayətlənmişdi. 

Görəsən, uçuş biletlərinə  “ceyran belində” qiymət qoymağı bacaran AZAL təyyarələrin texniki baxımdan problemsiz olmasına niyə belə tələbkar yanaşmır?!