Qənirə Paşayeva Novruz Qartalı ziyarət etdi
    • 13-12-2021, 20:54
    • 855

Qənirə Paşayeva Novruz Qartalı ziyarət etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist, tanınmış aktyor Novruz Qartalı (Əliyev) ziyarət edib.

News24.az xəbər verir ki, Novruz Qartalın səhhəti, müalicəsinin gedişi ilə yaxından maraqlanan Komitə sədri, dövlətin, Heydər Əliyev Fondunun sənətçilərə, onların qayğılarına hər zaman həssas yanaşdığını vurğulayaraq, Əməkdar artistin qayğılarına, o cümlədən sosial-məişət şəraitinə də həssas münasibət göstəriləcəyindən əmin olduğunu bildirib.
Aktyorun 90-cı illərdə ardıcıl olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda hərbçilərimiz qarşısında maraqlı proqramlarla çıxışlar etdiyini minnətdarlıqla xatırlayıb.
Əməkdar artistin “92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da Dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Şeytanın yubileyi”ndə Şirvan, “Kələkbazlar”da Əlipaşa və b. rollarını xatırladan Q.Paşayeva ona tezliklə sağlamlığına qovuşmasını diləyib.
Ziyarətdə RHİM İB sədri Arzu Bağırova iştirak edib.
Qeyd edək ki, 25 iyun 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunan Novruz Qartal (Novruz Yaqub oğlu Əliyev) 2015, 2016, 2017 və 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.