İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə YENİLİKLƏR OLACAQ
    • 14-12-2021, 12:40
    • 530

İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə YENİLİKLƏR OLACAQ

İcbari tibbi sigorta çərçivəsində verilən göndəriş vərəqələrinin verilməsi qaydalarında dəyişikliklər ediləcək.

News24.az xəbər verir ki,  bu barədə İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyinin göndərişlər şöbəsinin müdiri Arif Əkbərov məlumat verib. 

O bildirib ki, müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq:

"Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək. Stasionar xidmətə ehtiyac yarandıqda, müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir. Göndəriş əsasında planlı yatış xidmətindən istifadə mümkün olur. Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz  özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmətin dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək".