Bakıda saatda 128-lə gedən avtomobil dəhşətli qəza törətdi – İlhamə Bayramova ÖLDÜ
    • 21-12-2021, 13:36
    • 691

Bakıda saatda 128-lə gedən avtomobil dəhşətli qəza törətdi – İlhamə Bayramova ÖLDÜ

Xəzər rayon Məhkəməsində bu ilin avqust ayında Aeroport yolu kimi tanınan magistralın Binə qəsəbəsindən keçən hissəsində baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, “GrandMart” supermarketinin qarşısında, 1986-cı il təvəllüdlü İlhamə Bayramovanın ölümü ilə nəticələnən hadisəni törədən “Hyundai Sonata” markalı avtomobilin sürücüsü, Ağsu sakini, 1990-cı il təvəllüdlü Rahim Əliye barəsində Cinayət Məcəlləsinin 263.-2-ci maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb.

Ekspertizanın rəyindən məlum olub ki, avtomobil piyadanı vurarkən saatda 128 kilometr sürətlə hərəkət edib. Halbuki həmin yolda icazə verilən müksimal sürət saatda 110 kilometr olub. Avtomobil piyadanı vurduğu yerdən 18 metr sonra dayana bilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs həmin ərazidə sürət həddinin böyük olduğunu, lakin piyada keçidinin qoyulmadığını, bəzi vaxtlar piyadaların qəfil yola çıxdığını və təhlükəli vəziyyətin yarandığını deyib. O, hadisənin baş verməsində özünü təqsirli bilməyib, lakin bununla belə mənəvi borc bildiyi üçün vəfat edən 35 yaşlı qadının ailəsinə maddi yardım etdiyini deyib.

Məhkəmədə ifadə verən İ.Bayramovanın hüquqi varisi olan qardaşı bildirib ki, bacısı Salyan rayonunda doğulub, böyüyüb və orada ailə həyatı qurub. 2019-cu ildə həyat yoldaşından boşanıb və azyaşlı övladları ilə birgə Binə qəsəbəsi Atçılıq yaşayış massivinə köçərək kirayədə yaşamağa başlayıb: “Bakıya köçdükdən sonra İlhamə həmin ərazinin yaxınlığında yerləşən "Grand market" adlı marketdə satıcı işləyirdi. Mən Salyan rayonunda yaşasam da, arada bir gəlib İlhaməgilə baş çəkirdim. 02 avqust 2021-ci ildə İlhamənin oğlu Xalid mənə zəng edərək anasının avtomobillə vurulması nəticəsində ölməsini bildirdi. Sonra öyrəndim ki, İlhamə 02 avqust 2021-ci il tarixdə naməlum səbəbdən işlədiyi marketə qayıtmaq məqsədi ilə yolu keçərkən "Hyundai Sonata" markalı avtomobil onu vururaq ölümünə səbəb olub. İlhamənin ölümü ailəmiz üçün böyük itki olub, övladları kəskin travma alıblar. Hadisəni törədən şəxs əvvəlcə bu ağır faciəyə biganə qaldığı üçün ondan şikayətçi olmuşuq. Lakin məhkəmənin gedişində bizə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilib, buna görə də Rahim ilə barışmışıq”.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Rahim Əliyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, və cəzasını məntəqə tipli müəssisədə çəkməyə məhkum edilib.