Azərbaycanda sərxoş sürücü hərbçini vurub öldürdü
    • 12-11-2021, 10:44
    • 494

Azərbaycanda sərxoş sürücü hərbçini vurub öldürdü

Bu ilin 11 iyun tarixində saat 23 radələrində Bərdə rayonu Mustafaağal kəndi ərazisində Azərbaycan ordusunun hərbçisi, 1993-cü il təvəllüdlü çavuş Qubad Bayramovun ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, Alpout-Qılınclı yolunun 9-cu kimlometrliyində 2000-ci il təvəllüdlü Əliyev Murad Fəxrəddin oğlu sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolun hərəkət hissəsində olan hərbçini vurub. Ağır xəsarət alan Qubad Bayramov hadisə yerində vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 236.1-3-cü maddəsi ilə açılmış iş üzrə keçirilmiş məhkəmə prosesində bəzi təfərrüatlar məlum olub. Belə ki, sərxoş halda olan 21 yalı sürücünün hadisədən əvvəl dostları ilə “Qızılbalıq” restoranında yeyib içdiyi və onlarla birgə geri qayıdarkən hadisənin baş verdiyi məlum olub. Ekspertiza rəyində göstərilib ki, saatda 50-60 kilometr sürətlə hərəkətə icazə verildiyi yerdə Murad maşını saatda 100 kilometr sürətlə idarə edib.

Təqsirləndirilən şəxs deyib ki, qəzanın baş verdiyi mağazanın qarşısına çatanda öndə gələn avtomobilin işığı onun gözünə düşdüyü üçün Qubadı vurmaqdan yayına bilməyib.

Məhkəmədə çıxış edən vəfat etmiş 28 yaşlı gəncin atası sürücünü bağışlamadığını, onun sərxoş vəziyyətdə etdiyi səhlənkarlığı ucmatından sağlam oğlunu itirdiyini deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi Murad Fəxrəddin oğlunun 6 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edib.