Leyla Bədirbəylinin 100 illik yubileyi qeyd olundu - FOTO - VİDEO
    • 22-12-2021, 14:59
    • 1 042

Leyla Bədirbəylinin 100 illik yubileyi qeyd olundu - FOTO - VİDEO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənəti və kinosunun görkəmli nümayəndəsi, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

News24.az xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Leyla Bədirbəylinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda teatr və kino sənətinin inkişafında Leyla Bədirbəylinin xidmətlərini xüsusi vurğulayıb.

Daha sonra musiqi nömrələri və xoreoqrafik kompozisiyalar təqdim olunub.

Gecədə ekranda Leyla Bədirbəylinin iştirakı ilə çəkilmiş filmlərdən fraqmentlər nümayiş etdirilib. Aktyorlar Leyla Bədirbəylinin rol aldığı tamaşalardan parçalar səsləndiriblər.

Tədbirin rejissorluğunu xalq artisti Vaqif Əsədov edib.

Sənətkarın teatr və kino yaradıcılığından videoçarx nümayiş olundu. Beləcə, ağ-qara foto və video kadrlarda həm nostalgiya yaşandı, həm də bir sənətkar ömrünün ən yaddaqalan, ən kövrək məqamları vərəqlənib.

Sonra “Arşın mal alan” operettasından Gülçöhrənin (Leyla Bədirbəylinin ifasında) ariyası həm kadrlarda nümayiş olundu, həm də səhnədə gənc vokalçının ifasında canlı-canlı təqdim edilib.

Daha sonra aktrisanın səhnədə yaratdığı təkrarsız obrazlar sənət və şəxsiyyətinin heyranı olan xanım həmkarları tərəfindən yenidən canlandırıldı. “Solğun çiçəklər”in vəfalı Sarası, “Vaqif”in sevdalı Xuramanı, “Almaz”ın fədakar Almazı səhnədə göründü. “Qanlı toy” tamaşasından parça gecənin finalında ümumilikdə bir qadının – ananın, bacının, sevgilinin faciəsi təsirini yaradıb.

Leyla Bədirbəylinin sevə-sevə ölümsüzlük bəxş etdiyi qadın qəhrəmanlarının kinoekrandan “boylanan” kadrları izləndikcə onun aktrisa kimi fitri istedad və özünəməxsus ustalığı yenidən alqışlanıb.

Akademik Musiqili, Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarının orkestri, xoru, balet və aktyor truppası gecəni maraqlı və yaddaqalan etməyə çalışıblar.

Zəriflik və sevgi üzərində qurulan xatirə gecəsinə İlkin Əhmədovun ifasında “Qarabağın maralı” mahnısı ayrıca bir rəng qatdı. Muğam üçlüyü və skripkada solo ifalar da tamaşaçıların könlünü oxşayıb.