Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşı artırıldı
    • 23-12-2021, 16:18
    • 567

Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşı artırıldı

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

News24.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəyyən edilib ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ödənilir.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.