Böyük zəfərin memarı- TANINMIŞLAR PREZİDENTİ BELƏ TƏBRİK ETDİ
    • 24-12-2021, 16:57
    • 628

Böyük zəfərin memarı- TANINMIŞLAR PREZİDENTİ BELƏ TƏBRİK ETDİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. O, bu il 60 yaşını qeyd edir. 

News24.az olaraq qərara gəldik ki, cəmiyyətin sayılıb-seçilən simalarının ölkə başçısının doğum günü ilə bağlı düşüncələrini öyrənək.

Bəs, görəsən onlar ölkə başçısına nə arzulayır? 


Deputat Aydın Mirzəzadə saytımıza açıqlamasında İlham Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə milli birliyimizi təmin etdiyimizi deyib: “Cənab Prezident Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfə verdi. O, hər bir azərbaycanlıya yaxın bir dövlət xadimidir. Ali Baş Komandan Azərbaycanın şanlı bir tarixini yazmağı bacardı. Onu təbrik edir, uğurlar arzulayır və fəxr edirik”. 


Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev İlham Əliyevin çox böyük işlər gördüyünü dilə gətirib: “Əgər müharibədə qələbə Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuzun qələbəsidirsə, diplomatik cəbhədə, təbliğat sahəsində uğur İlham Əliyevin təkbaşına qazandığı zəfərdir. Hörmətli Prezidentimizi yubileyi münasibətilə ürəkdən təbrik edərək onun Heydər Əliyev yolunun davamçısı olaraq ədəbiyyatımıza, dilimizə qayğısını xüsusi minnətdarlıq hissilə xatırlayıram. Siyasi xadim üçün altmış yaş - müdriklik çağıdır, eyni zamanda hələ çox-çox illər enerjili səmərəli fəaliyyəti üçün münasib vaxtdır. Yorulmaz fəaliyyətində Prezidentimizə yeni uğurlar, möhkəm can sağlığı, bol-bol ailə, ata, baba sevincləri arzulayıram”.


Təhsil naziri Emin Əmrullayevin təbrikində isə bu fikirlər yer alıb: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi yubileyiniz münasibətilə təhsil ictimaiyyəti adından təbrik edir, möhkəm cansağlığı, ali dövlət missiyanızda uğurlar arzulayırıq!”

Xalq artisti Arif Babayev düşüncələrini belə ifadə edib: “Müasir dünyanın önəmli siyasi liderlərindən biri olan Azərbaycan prezidenti İlham Əliyevin üstün tərəflərini saymaqla bitməz. Müdrik siyasətçi, qətiyyətli rəhbər İlham Əliyevin gördüyü müsbət işləri sadalamağa çalışsaq, buna zamanımız yetməz. Amma ölkə başçısının adını tarixə qızıl hərflərlə yazmağa bir səbəb yetər: Sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı “Dəmir yumruq” əməliyyatı ilə azad etdi. Beləliklə, bütün dünya Azərbaycanın gücünə şahid oldu. 


İlham Əliyev daim xalqının və ordusunun yanında olan bir liderdir. Bütün hər kəsə dəstək olmağa çalışır. Sənət adamlarına da daim qayğısını hiss edirik. O, daim yaşasın, biz isə onun arxasında bir yumruq altında birləşək. Ölkə başçısına və ailəsinə sağlam ömür arzu edirəm”. 

Xalq artisti səhhətinin düzəldiyini və buna görə prezidentə minnətdar olduğunu deyib: “Çox çətin bir dövrdən çıxdım. Ağır vəziyyətdə idim. Dövlətin qayğısını hiss etdim”.


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibəti ilə bu fikirləri bölüşüb: “Xalqımızın həsrətinə son qoyan və torpaqlarımızı işğaldan azad edərək tarixə Müzəffər Ali Baş Komandan kimi adını yazan, Dövlətimizi yalnız inkişaf yolu ilə aparan Prezident İlham Əliyevi bir vətəndaş olaraq ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan xalqı Böyük Zəfərə şahidlik etdi: “Azərbaycan xalqının içindən gələn arzuları həyata keçirməklə dövlətimizin başçısı həm də Azərbaycan yazıçılarına, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı insanlara bir ruh bəxş etdi, onlara böyük yaradıcılıq ehtirası, gələcək üçün tükənməz stimul verdi.


Bu gün hər birimizin qəlbində sarsılmaz bir əminlik var ki, çox keçməyəcək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ ən müasir səviyyədə tərəqqi tapacaq, Ağdamda 300 min nəfərlik müasir tipli şəhər qurulacaq, Qarabağ xanlığının əsasını qoyan şəxsiyyətlərin uyuduqları müqəddəs İmarət məbədi bərpa olunacaq, mədəniyyət paytaxtımız Şuşanın gözəlliyi birə on artacaq, işğaldan qurtulmuş ərazilərimizin yeni abad mənzərəsini dünya heyrətlə izləyəcək.

Bu gün neçə-neçə insanın ürəkdən gələn, səmimi müraciətlərində deyildiyi kimi, xalqımız - uşaqdan-böyüyə hər kəs bu Böyük Zəfərin memarı kimi öz qəlbində Prezident İlham Əliyevin əzəmətli abidəsini ucaldıb. Millətimiz öz keçmişinə, tarixinə sahib çıxan, bugünkü və sabahkı rifahını qurub-yaradan, ilahi ədaləti və ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyevin bu yolla həm də Allaha yardımçı olan qətiyyətli addımlarını heç vaxt unutmayacaq.

Biz Azərbaycan Prezidentinə minnətdarıq. Ona uzun ömür, səadət dolu həyat arzulayıram”.


Politoloq Cümşüd Nuriyev ölkə başçısının doğum günü ilə bağlı bunları deyib: “Atasının vəsiyyətini yerinə yetirdiyinə görə, bir Azərbaycan vətəndaşı kimi İlham Əliyevə minnətdarlığımı bildirirəm. Milli qürurumuzu qaytarıb, 30 illik işğal tarixinə son verdiyi üçün onunla fəxr edirəm. Qarabağa qayıdışla bağlı ölkə başçısının nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirirəm. Müzəffər Ali Baş Komandana uzun ömür, can sağlığı arzu edirəm”. 

Millət vəkili Fazil Mustafa
isə saytımıza açıqlamasında ölkə başçısını belə təbrik etdi: “Dövlət başçısı cənab İlham Əliyevi doğum günü, eyni zamanda 60 illik yubileyi münasibəti ilə  təbrik edirik. Prezidentin bu yubileyi həm şəxsi, həm də milli mənada ona görə tarixi hadisədir ki, Qarabağ azad olunub. Və Qarabağ məhz İlham Əliyevin rəhbərliyi, onun sərkərdə bacarığı ilə işğaldan azad edilib. Ona görə biz bu tarixi hadisənin məhz İlham Əliyevin 60 yaşı ilə üst-üstə düşən məqamlarını xatırlayaraq, onun Azərbaycan tarixi və dövlətçiliyində nə qədər böyük rol oynadığını indi-indi daha dərindən görməyə başlayırıq. Ona görə də Prezidentin bu missiyası davam edir, Zəngəzur missiyası hələ davam edir, Allah ona can sağlığı versin, Azərbaycan dövlətinin gücünü azaltmasın və biz birlikdə güclü olduğumuzu bir daha ortaya qoyub Zəngəzuru da həll edək. Çünki bundan sonra bütün türk dünyasına açılımımızın əsas memarlarından biri olaraq yenə də İlham Əliyevin iradəsi önəmli rol oynayacaq və Azərbaycan dövləti özünün ən parlaq günlərini yaşayacaq".

“Xəzər TV”nin rəhbəri, Xalq artisti Murad Dadaşov İlham Əliyevlə uzun illərdir tanış olduğunu deyib: “Ölkə başçısı ilə gözəl münasibətlərimiz var. Bu tanışlıq münasibətlərindən hər zaman zövq almışam. İlham Əliyevlə hər görüş mənə nəyisə öyrədib. Onun hər çıxışında, siyasi gedişlərində, rəftarında xalqa bağlılığını görmüşəm. Qarşısına hansı məqsədi qoymasından asılı olmayaraq, bu amili vacib sayıb. İlham Əliyev qüdrətli Ali Baş Komandan və ağıllı siyasətçi olmaqla yanaşı həm də böyük vətəndaşlıq nümunəsidir. Cənab Prezident və Birinci vitse-prezident Mehriban Əliyeva - hər ikisi insan olaraq gözəl şəxsiyyətlərdir. Onlar mərhəmətli, qayğıkeş insanlardı. İlham Əliyevin hər çıxışında insanın gözləri dolur. Biz onu qəlbən çox istəyirik və hər zaman prezidentimizin yanındayıq. Ölkə başçısına gözəl ömür arzu edirəm”.