Şamaxının “Xan”ı, gözəl gözlü alpakalar, “Panorama”da maral steyki – Safari Parkdan reportaj
    • 29-12-2021, 18:50
    • 632

Şamaxının “Xan”ı, gözəl gözlü alpakalar, “Panorama”da maral steyki – Safari Parkdan reportaj

Bura “Azərbaycanın” xəzinəsi deyirlər.  Keçmişi zəngin, tarixi qədim, abidələri saysız, mütəfəkkir və şairləri çoxdur.
Amma Qafqaz silsiləsinin ətəyinə -Şamaxıya bu dəfəki ziyarətimizin  səbəbi bir başqaydı. 


Bu dəfə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə Şamaxıda  çoxlarının bilmədiyi və görmədiyi məkanları gəzdik.
Şamaxı Üzüm Tingçilik Mərkəzi

“Üzümünü ye, bağını sorma”, deyirlər. Amma biz nəinki bağını, tinglərin becərilməsindən başlamış onun ixracına qədər hər mövzuda sual verib cavabını aldıq. Bildik ki, hər kəsi məst edən Şamaxı şərabının çəkildiyi üzüm tingləri burada yetişdirilir. Eləcə də, respublikadakı üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə bu mərkəz təmin edir.  Yəni ildə 1 milyon ting yetişdirilir.  Bununla da 1,2 hektar ərazini əhatə edən mərkəz üzüm tinglərinə olan tələbatı yerli istehsal hesabına ödəyir. Üstəlik, Mərkəzi Asiya ölkələrinə ixracı da nəzərdə tutulub.
Safari…

Bu söz tanzaniyalıların dilində yolçuluq, gəzinti, bir də ova çıxmaq anlamını verir. Bizim ov ovlamaq kimi niyyətimiz olmasa da, nadir heyvanları yaxından izləmək istəyirdik. Ona görə də mediaturdakı safarimiz dəniz səviyyəsindən 1500 kilometr yüksəklikdəki eyniadlı qoruğaydı.
Ürkəklər

Ağappaq, yalnız ayaq izlərimizin göründüyü qarlı dağlara baxanda adama elə gəlir ki, burda təbiət donub. 
Amma bu qəribə, huzurlu sükutu qəfildən gözünə çarpan marallar pozur. Ürkək, insan səsi gələndə qaçıb təbiətə qarışan heyvanlar maraqla gələn qonaqlara baxırdı. Ürkəklərə bu qədər  yaxın gələ biləcəyimizi təsəvvür eləməzdim… Safari Parkda təbiətin bəzəyi olan bu heyvanların bir neçə çeşidi var. Turizm bələdçimiz Leyla Əliyeva deyir ki,  bura 6 il qabaq Avropa, Altay və xallı marallar gətirilib. Amma onlar arsında ən gözəli və əzəmətlisi “Xan”dır.

Xan maral


Ona “Xan” adını təsadüfən verməyiblər. “Safari”nin göz bəbəyi olan bu maralın buynuzları onu gözoxşayan və çəkici edib. Marallar öz mövsümlərində buynuzlarını atsa da, “Xan” iki ildir başındakı bəzəkli ağacı qoruyub saxlayır.  Çəkisi 20 kiloqramadək olan bu tacı onu yalnız Azərbaycanda yox, Avropada da məşhur edib. Çünki hər il Avropada təbiətdəki sağlam və gözəl marallarla bağlı yarışmada  “Xan” xüsusi fərqlənib.
Bir sözlə, “Xan” bizə Şaxta babanı gətirməsə də, təbiətimizə bir ahəng, bir gözəllik, ölkəmizə özəllik bəxş edib. 

Buynuzlar hər kəsi gözəlləşdirəcək

Maral buynuzları yalnız onların özünə yox, insanlara da gözəllik bəxş edə bilər. Çünki buynuz panklarından müxtəlif kosmetik məmulatlar hazırlanır: “Marallar adətən mart ayında buynuzlarını atır. Daha sonra yeni buynuzlar yaranmağa başlayır və avqustda tam formalaşır. Yaş artdıqca buynuz daha əzəmətli, daha böyük olur. May-iyunda buynuzlar pank səviyyəsində olur. Yəni qan laxtası, kök-hüceyrə şəklində, hələ bərkiməmiş, sümkləşməmiş. Pank  minerallarla zəngin, unikal bir vasitədir. Ondan müxtəlif kosmetik və müalicəvi məhsullar hazırlanır. Əsəb, oynaq və dəri xəstəliklərinin müalicəsində çox böyük təsirə malikdir. Yaxınlarda bununla bağlı sanatoriyamız da fəaliyyətə başlayacaq. Burada pank vannalar, daxilə qəbul ediləcək məhsullar, eləcə də kremlər, maskalar hazırlanacaq. 

Maral kababı, yoxsa steyki?

Onu dadmaq arzusunda olanlar da Safari Park-a baş çəkə bilərlər. Parkın yerləşdiyi ərazinin ən yüksək məkanında- “Panorama”da maral ətindən steyk və ya kabab yemək olar. Amma bu, hər zaman olmur. Çünki burada heyvanlar yalnız müəyyən səbəblər üzündən kəsilə bilər: “Marallar yalnız zədələndikdə, sağalması müşkül olan xəsarət alanda  onları kəsirik. O zaman onlardan turistlər üçün kabab və ya steyk hazırlana bilər”.


Gözəl gözlü Alpaka


“Safari”də daha bir diqqətçəkən məkan Alpakaların cəmləndiyi yerlərdir. Bir zamanlar adını belə duymadığımız bu heyvanlar artıq Azərbaycanda çox məşhurdur. Ünsiyyətcil, ziyarətçilərin əzizlədiyi, əllləri ilə bəslədiyi bu maraqlı heyvanlar həm gözəl gözləri, həm də qeyri-adi “saç düzümləri” ilə özünü sevdirir. Bu səbəbdən də medatura qatılanlar ən çox onların əhatəsində ayaq saxladı. Kimi sığalladı, kimi şəkil çəkdirdi, kimsi də yemlədi. 
Sözsüz ki, addımbaşı rastladığımız lamalar reabilitasiya üçün parka gətirilən bizonlar, zubr  və yaklar da diqqət çəkirdi. 
Parkda yeganə vəhşi təbiət arealındakı heyvanlara rastlamadıq. O əraziyə keçid yasaq olduğundan yalnız qar üstündəki izlərini görə bildik. 

24 saat mühafizə


Pirqulu meşələrinin gerçək sahibi olan ayı, canavar, tüklü, qabanlar valerilərə yaxınlaşa bilmirlər.
Çünki Safari Parkın təsərrüfat hissəsindəki bu nadir heyvanlar 24 saat mühafizə altında saxlanılır. 
Amma Pirqulunun öz canlılarına da xüsusi diqqət az deyil. Heyvanların qışda qardan, yayda istidən qorunması üçün daldalanacaqlar yaradılıb. 
Bir sözlə, heyvanlar təbii yaşamlarına müdaxilə edilmədən mühafizə olunurlar. 

Son olaraq onu da qeyd edim ki, Safari Park artıq iki aydır ziyarətçilərə açıqdır. Qiymətlər məktəblilər üçün 5, tələbələr üçün 10, xarici və yerli turistlər üçün 20 manatdır. Gələnlər Safari Park daxilində  xüsusi avtobuslarla gəzdirilir ki, onlar üçün də əlavə ödəniş tələb olunur.

Rəna CUMAQIZI