Azərbaycanda Üzüm və Şərab Festivalıı - İLK DƏFƏ
    • 27-08-2019, 12:48
    • 1 639

Azərbaycanda Üzüm və Şərab Festivalıı - İLK DƏFƏ

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcək.

News24.az-a verilən məlumata görə, avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçiriləcək. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunacaq. 
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təssərüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. 

Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır. 

Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. 

Avqustun 30-da festivalın açılış mərasimi keçiriləcək, qonaqlara musiqili proqram təqdim olunacaq. Rəqqas və nağaraçıların, həmçinin nəfəsli alətlər orkestri, eləcə də festivalın emblemi olan fiqur və kuklaların iştirakı ilə parad təşkil ediləcək. Qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayacaq. 

Üzüm, şərabçılıq və festivalın rəmzləri olan çeşidli dekorasiyalar, instalyasiyalar ilə bəzədiləcək ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları,həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərəcək. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim ediləcək. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunacaq. 
Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edəcək, məhsullarını dequstasiya üçün təqdim edəcəklər. İştirakçılar üçün, həmçinin Azərbaycanda şərabçılığın tarixinə dair mühazirə keçiriləcək. 

Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil ediləcək. 

Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa keçiriləcək. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edəcəklər. 

Burada beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunacaq.