“İndiki qriplər insanı kar və ya ömürlük şikəst edə bilər” - VİDEO
    • 6-01-2022, 20:03
    • 1 034

“İndiki qriplər insanı kar və ya ömürlük şikəst edə bilər” - VİDEO

Son günlər uşaqlarda müşahidə edilən yüksək hərarət, öskürək, tənginəfəslik kimi hallar valideynlər arasında təlaş və həyəcana səbəb olub. Valideynlərin övladlarının qripə yoxsa COVİD-19-a yoluxduğunu təyin edə bilməmələri onlarda əlavə gərginlik yaradır. 

Məsələ ilə bağlı News24.az-a danışan uzman pediatr Əli Quliyev bildirib ki, hazırda uşaqlar arasında yayılan virus mövsümü qripdir, amma valideynlərini övladlarını kütləvi məkanlara aparmamaları məsləhətdir: “Təbii ki, bununla yanaşı Rotavirus və Adenovirus kimi virusların da yayıldığını müşahidə edirik. Bunlar əsasən özünü qusma, gözdə qızartı, ishal və  öskürəklə büruzə verirlər”.

Pediatr xəstələrin qripi ağır keçirməsindən də danışıb: “İnsanlarda belə bir sual yaranır ki, əvvəllər qripə yoluxanlarda qızdırma 3 gün olurdusa, indi niyə xəstələrdə 5 gün və daha çox yüksək temperatur müşahidə olunur? Bunun səbəbi nədir? Hər il qrip virusu yenilənəndə biz onu keçiririk və öyrənirik. Amma pandemiya dövründə heç kim bunu keçirmədiyi üçün, çox güman ki, qrip virusu bu müddət ərzində fərqli mutasiyaya uğrayıb. Buna görə də hər zaman gözlədiyimizdən daha ağır simptomlar müşahidə edilir”.


Ə.Quliyev bildirib ki, uşaqların yoluxmasının qarşısını almaq valideynlərdən asılıdır: “Valideynlər mümkün qədər uşaqları toplum olan məkanlara aparmasınlar. Bu, təkcə qripə aid deyil. Su çiçəyi, qusma, ishal da bura daxildir”.

Həkim qeyd edib ki, qrip 95 faiz insanda özü sağalan virusdur, lakin təhlükəli hal da yarada bilər: “Qrip ağırlaşması pnevmoniya yarada, bəzi hallarda insanın ölümünə də səbəb ola bilər. Həmçinin qulaqda fəsad yarada, insanı kar edə bilər. Eyni zamanda da meningitə çevirib sinirlərə təsir edə və xəstədə ömürlük şikəstliyə səbəb ola bilər ”. 

Teymur Məmmədov
Video: Nicat Niftəliyev