"Beynəlxalq aləm Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul edib" - ŞƏRH
    • 13-01-2022, 16:08
    • 552

"Beynəlxalq aləm Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul edib" - ŞƏRH

“Azərbaycanın 44 günlük müharibədə qələbəsinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən tanınması, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir”.

Bunu politoloq Elçin Mirzəbəyli Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsi haqda fikirlərini News24.az-la bölüşərkən bildirib.
 
O qeyd edib ki, döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq, Azərbaycanın haqlı mövqeyini tutarlı fakt və arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması, Ermənistanın və havadarlarının, erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardıqları total təbliğatın yüksək natiqlik və diplomatik məharətlə alt-üst edilməsi, Azərbaycanın maraqlarının beynəlxalq və ikitərəfli münasibətlər müstəvisində müdafiə olunması istiqamətində nümayiş etdirilən qətiyyətli mövqe bu günkü reallıqların ortaya çıxmasına zəmin yaradıb: “Prezident İlham Əliyevin yerli telekanallara müsaibəsində dediyi kimi, bu iş tədricən həyata keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bir sıra beynəlxalq təşkilatların və ölkələrin ilk bəyanatlarını, açıqlamalarını xatırlasaq, səsləndirilən fikirlərin yeni reallıqlardan tamamilə uzaq olduğu qənaətinə gələ bilərik. Lakin müəyyən bir zaman kəsiyindən sonra müharibədən öncəki və müharibə dövründəki bəzi əsassız streotipləri ifadə edən ritorika dəyişdi, yanaşmalarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata istinadlar ön plana keçdi. Azərbaycanın qazandığı ədalətli qələbənin yaratdığı reallığın bölgədə davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı istisnasız olaraq, qəbil edildi. Şübhəsiz ki, Azərbaycan dövləti bu reallıqları vətəndaşlarının konstitusion hüquqlarından çıxış edərək, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində yaradıb, döyüş əməliyyatları zamanı beynəlxalq humanitar hüququn və onun tərkib hissəsi olan Cenevrə Konvensiyasının tələblərinə əməl edib, bütün şəraitlərdə, o cümlədən müharibə vəziyyətində qlobal məsuliyyətini yüksək səviyyədə başa düşən bir dövlət kimi davranmaq potensialına və iradəsinə malik olduğunu təsdiqləyib”.

Politoloq bildirib ki, həyata keçirilən fəaliyyətin əhəmiyyətli hissəsi, prosesin mahiyyətinə və tələblərinə uyğun olaraq, ictimaiyyətin diqqətindən kənarda qalsa da, bugünkü gerçəkliklər çərçivəsində göz önündə olan reallıqları təhlil və müqayisə edəndə, görülən işlərin miqyasını və sərf olunan əməyin böyüklüyünü müəyyənləşdirmək bir o qədər də çətin deyil: “Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq bu gün bütün nüfuzlu və qlobal miqyasda əsas söz sahibi olan beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB və digər təsisatlar Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbil ediblər və bu amil, Azərbaycan-Ermənistan münasibətlərinin, həmçinin regionun bü günü və gələcəyi ilə bağlı bütün dəyərləndirmələrdə nəzərə çarpır. 

Azərbaycanın haqq işinə münasibətin müsbətə doğru dəyişməsinin, ölkəmizin suveren hüquqlarının təmin olunmasına daha qabarıq və birmənalı şəkildə dəstək ifadə olunmasının səbəblərindən biri də, şübhəsiz ki, daha öncə vurğuladığım kimi, müharibə şəraitində dinc əhaliyə qarşı nümayiş olunan humanist münasibət, döyüş əməliyyatlarının beynəlxalq humanitar hüququn tələblərinə uyğun şəkildə həyata keçirilməsi, əsgər və zabitlərimizin tarixin bütün dövrləri üçün örnək ola biləcək davranışlarıdır. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının cəsarəti və qətiyyəti ilə yanaşı həm də yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu, Azərbaycan dövlətinin məhz bu dəyərlər üzərindən yüksəldiyini göz önünə sərgilədi. Müharibə Azərbaycan dövlətinin ən mürəkkəb şəraitdə belə sahib olduğu dəyərlərə sonunadək sahiblənməyi bacardığını nümayiş etdirdi. Bu, çox önəmli və bəşəri əhəmiyyət kəsb edən bir məqamdır. Çünki dövlət bütün şəraitdə dövlət əxlaqından çıxış etməyi bacarırsa, qətiyyətini və cəsarətini, bunu bacarmırsa zorakılığını nümayiş etdirir. Bu baxımdan, gələcək nəsillərimiz təkcə qələbəmizlə deyil, həm yüksək mənəvi keyfiyyətlərə, dövlət əxlaqına, humanizm prinsiplərinə sahib olmağımızla fəxr edəcəklər”.