"Müğayat olun"dan başlayan ayrılıqlar...
    • 20-01-2022, 16:58
    • 1 117

"Müğayat olun"dan başlayan ayrılıqlar...

   1990-cı il... Balaca uşaq idim. Həmin ilin 19 yanvar gününü anamın atama həm hökm, həm də biçarəlik duyulan yalvarış dolu səsiylə "getməyəcəksən, buraxmaram" sözləriylə xatırlayıram. Atamın “tək məndən söhbət getmir, bu gün özünə kişi deyən hər kəs orda olmalıdır, biz bir olsaq, onları saxlayacağıq, Əhməd də çıxıb, (dayım – Ü.R) biz susa bilmərik, özünüzdən müğayat olun... ”, deyib, anamın və biz üç qızının alnından öpüb qapıdan çıxıb getməsi ilə xatırlayıram həmin günü... 
Çox da dərk eləmirdik anamın gözündən axan o ağrılı, qorxu dolu göz yaşların səbəbini. Biz də anama qoşulub qışqıra-qışqıra ağlayırdıq. 
Bakı çox qara idi, heç belə qaranlıq, zülmətə bürünmüş gecəsini xatırlamıram bu yaşıma qədər sevimli, qürurlu, tarixən ardı-arası kəsilməyən zülmlərə sinə gərən Bakımı. Biz o səsləri ancaq eyvandan eşidirdik... Anam bizi otağa aparıb bu səslərin fonunda yatızdırmağa çalışırdı. Amma hələ də ağlayırdı, öz-özünə nəsə dua oxuyurdu... Həmin günün gecəsi tək bizim evdən yox, bir çox evlərdən körpələrin ataları bax beləcə, “özünüzdən müğayat olun” deyərək çıxıb getmişdi. "Müğayat olun" sözünü o illərdən sevmirəm, o söz birləşməsi özünü mənə sevdirə bilmədi. Ayrılıqların başlanğıcıdır sanki...


Atam həmin zülmətli, vahiməli gecədən evə qayıtmışdı, amma qayıtmayan atalar, yarımçıq qalan ömürlər çox oldu həmin gecə. Yanvar ayı bütün Azərbaycan üçün qanla yazıldı, həm də Azərbaycan xalqının əyilməzliyi, qorxmazlığı ilə. Ağrılı olması ilə yanaşı, həm də fəxr hissi var idi içimdə... Atamla da fəxr edirdim...

Atasız qalan yaşıdlarıma, oğulsuz qalan analara, yarsız qalan gəlinlərə Vətən ata, oğul, yar oldu, “Özünüzdən müğayat olun...” cümləsi isə təsəlli həmin gündən sonra... Anam həyat yoldaşının geri salamat qayıtmasına baxmayaraq daha dəhşətli ağlayırdı, o hıçqırtılar hələ də yaddaşımdadır. O, şəhid  atalar, qardaşlar, körpələr, qana bürünmüş Bakı üçün ağlayırdı... Uşaq ağlımla nəsə böyük faciə yaşandığını dərk edirdim. Atam evə qayıtsa da, tələsik əynini dəyişib yenidən getmişdi... Sonradan bildim hara getdiyini. O bu gün milyonlarla insanın ziyarət elədiyi həmin o Xiyabana vahiməli gecənin ömürlərinə son qoyduğu atalarımızı, qardaşlarımızı, dayılarımızı, körpələrimizi son mənzilə sola salmaq üçün gedibmiş.



Və beləcə 40 gün biz dərsə getmədik... 40 gün... Sonra hər şey dəyişdi - dərsliklər, geyimlər, Əlifbamız! Azərbaycanımız dəyişdi! İndi dərk edirəm – o gecə biz millət olaraq qürurumuzu, həmrəyliyimizi, qorxmazlığımızı, Vətənə sonsuz məhəbbətimizi, gücümüzü bütün dünyaya nümayiş etdirdik! Biz həmin gün Millət, Xalq olaraq dirçəldik! 

Amma bu gün qürur və şərəf günü kimi anılan 20 yanvar həm də uşaqlığımızın vahiməli, dəhşətli travması oldu... Qayıdan atalar da, qardaşlar da ömürlərini o travma ilə yaşadılar, niyə biz yox, onlar... Həmin gündən sonra yaşadığı 8 il müddətində də atam hər gün qana bürünmüş günü xatırladı... Həmin illər ərzində vaxtaşırı, ələxsüs da yanvarın 20-də atam qara paltosunu geyinib bizi də özüylə Şəhidlər Xiyabanına aparardı...  

 
Bir də Qərənfillər dəyişdi o gecədən sonra... Artıq sevgi, məhəbbət, görüş, toy-büsat gülü olmadı Qərənfillər. Qəm, kədər gülü oldu... Elə həmin gündən sonra Atam bir daha anamın ən çox sevdiyi gülü – Qərənfili ona hədiyyə almadı... O gün sevdiyi gülü də o atalarla, qardaşlarla, körpələrlə torpağa gömdü Azərbaycan qadını! Bir də bizim evə qərənfil gəlmədi, qərənfillərin yalnız bir ünvanı oldu: Şəhidlər Xiyabanı! 

Ülkər Rəşidqızı