Azərbaycanda ŞOK HADİSƏ – Gecə 1-də evə basqın edən şəxs 4 nəfəri doğradı
    • 28-01-2022, 13:30
    • 1 677

Azərbaycanda ŞOK HADİSƏ – Gecə 1-də evə basqın edən şəxs 4 nəfəri doğradı

Abşeron rayonunda gecə saatlarında mənzilə basqın edərək 4 nəfərə balta və bıçaqla xəsarətlər yetirmiş Şamaxı rayonu Sundi kənd sakini, 1972-ci il təvəllüdlü Rasim Nəcəfov (şərti) barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşyalar tətbiq etməklə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrli ilə keçirilən prosesdə məlum olub ki, Rasimin Şamaxıdan gələrək Hökməli qəsəbəsində gecə saat 1 radələrində basqın etdiyi ev onun keçmiş qayınanasına məxsus olub.

Belə ki, 1994-cü ildə ailə həyatı quran Məleykə (şərti adlı) Rasimin davranışlarından bezərək birgə nikahdan 3 övladı olan həyat yoldaşından 2018-ci ildə rəsmən boşanıb. Bundan sonra o, Abşeron rayonunun Hökməli qəsəbəsində anasıgillə birgə yaşamağa başlayıb. 

Rasim isə həyat yoldaşı ilə boşanmasında baldızını günahkar bilib və baldızının öz bacısını başqa şəxsə ərə verəcəyini düşünüb. 2021-ci ilin 18 mart tarixində Şamaxı rayonunun Çuxuryurd kəndində yaşadığı evdə spirtli içki qəbul edən Rasim daha sonra Hökməliyə getmək, ailəsinin dağılmasında günahkar bildiyi insanlardan qisas almaq fikrinə düşüb. O, sərxoş vəziyyətdə balta və bıçaq götürərək idarə etdiyi maşınla Şamaxıdan Hökməliyə gəlib. Gecə saat 1 radələrində hasardan keçərək keçmiş qayınanasının evinə daxil olan Rasim əvvəlcə “arvadımı başqasına ərə vermək istəyirdin” deyərək keçmiş baldızına balta ilə hücum edib. Baldızına bir neçə zərbə endirdikdən sonra balta onun əlindən düşüb, bu zaman o, bıçaqla evdki şəxslərə xəsarətlər yetirməyə başlayıb. Hadisə nəticəsində Rasimin keçmiş baldızı, keçmiş qayınanası, keçmiş qaynı arvadı və onun övladı müxtəlif dərəcəli xəsarətlər alıb. O, evdəki qadınlara və uşağa təpik zərbələri də endirib.

Bildirilib ki, hadisə vaxtı Rasim Nəcəfovun keçmiş həyat yoldaşı evdə olmayıb. O, həmin gün işlədiyi müəssisədə gecə növbəsində olduğu üçün baş vermiş hadisədən yayına bilib. Rasim ifadəsində bildirib ki, evə gəlməkdə əsas məqsədi keçmiş həyat yoldaşını Şamaxıya aparmaq, qayıtmayacağı təqdirdə onu öldürmək olub.
 
Məhkəmədə ifadə verən Rasimin keçmiş həyat yoldaşı Məleykə Nəcəfova bildirib ki, Rasim daim onu söyüb-təhqir etdiyi, həmçinin ölümlə hədələdiyi üçün ondan boşanıb: “Zərərçəkmiş şəxslər bacım, anam, mərhum qardaşımın həyat yoldaşı və onun övladıdır. Hadisəni törədən şəxslə 1994-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşam, həmin nikahdan 3 övladım var. 11.09.2018-ci il tarixdə Şamaxı rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq Rasimdən boşanmışam. Rasimlə boşanmağımın səbəbi onun mənim ünvanıma nalayiq ifadələr işlətməsi, hər dəfə öldürəcəyi ilə hədələməsi olub. 02.03.2021-ci il tarixdə Şamaxı rayon məhkəməsində Rasimlə aramızda mülk üstündə mübahisə olub və həmin məhkəmənin qərarı ilə Rasim mənə 18400 manat məbləğində vəsait ödəməlidir. 19.03.2021-ci il tarixdə saat 01 radələrində işdə gecə növbəsində olduğum zaman anam zəng vuraraq Rasimin yaşadığımız ünvana gəldiyini balta və bıçaqla anama, bacıma, gəlinimizə və onun övladına xəsarət yetirdiyni bildirdi. Bundan sonra dərhal Bakı şəhərində yerləşən xəstəxanaya getdim”.

Abşeron rayon məhkəməsinin hökmü ilə Rasim Nəcəfov 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.