Bakıda qəssabxanada ŞOK HADİSƏ – Ana və qızını...
    • 21-01-2022, 17:01
    • 1 856

Bakıda qəssabxanada ŞOK HADİSƏ – Ana və qızını...

Ötən il Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən qəssabxanada baş vermiş xuliqanlıq hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsində 1967-ci il təvəllüdlü Əlibala Atababayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb.

Bəlli olub ki, Əlibala qardaşı Canbala ilə birlikdə Kürdəxanıda qəssablıq fəaliyyəti göstərir. Onların həm də Kamil adlı şəriki olub və həmin şəxs onlarla bilrlikdə fermada heyvan saxlayıb. Bir müddət əvvəl Kamil vəfat edib və bu səbəbdən Canbalanın ona borcu yaranıb. Belə ki, mərhumun ailə üzvləri ona məxsus mal-qaranın pulunu tələb ediblər. Atababayev qardaşları da pulu hissə-hissə ödəyəcəklərinə razılaşıblar.

Bundan sonra Kamildən qalan mal-qaraya görə almalı olduqları 12 min manatın ödənilmədiyini görən mərhumun həyat yoldaşı və qızı maşınla Kürdəxanının mərkəzindəki qəssabxanaya gedib, onlar Əlibaladan Canbalanın evinin yerini soruşublar. O da qardaşının evinin yerini deyib. Bir qədər sonra geri qayıdan ana və qızı Əlibalaya evin yerini düz demədiyini, onun da qardaşı ilə əlbir olduğunu və Kamildən qalan pulu ələ keçirdiyini deyiblər. Bu zaman qəssabxanada dava-dalaş yaranıb və balonlar yerə tökülüb. Həmçinin, Əlibala əlindəki qəssab bıçağı ilə Kamilin qızına xəsarət yetirib.

Bundan sonra hadisə yerinə polis dəvət edilib və araşdırmalar aparılıb.

Məhkəmə Əlibala Atababayevi xuliqanlıqda təqsirli bilib və onu məhkəmə zalındaca həbs edərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.