Bakının qan çanağına çevrilən dairəsi: Burada hər gün qəza olur - FOTO/VİDEO
    • 31-01-2022, 11:13
    • 739

Bakının qan çanağına çevrilən dairəsi: Burada hər gün qəza olur - FOTO/VİDEO

Bir müddət əvvəl əsaslı təmir edilən, yeni yerüstü piyada keçidi istifadəyə verilmiş Ukrayna dairəsində demək olar ki, hər gün ağır yol qəzası, daha doğrusu qəzaları baş verir.

News24.az-a müraciət edən sakinlər və sürücülər Məhəmməd Hadi küçəsi üzərindəki dairədə hərəkətin düzgün təşkil edilməməsi səbəbindən böyük təhlükə yaşadıqlarını bildiriblər.

Belə ki, dairədə baş yol nişanının və nəqliyyat vasitələrinin dairədən çıxarkən, həmçinin dönərkən hərəkət üstünlüyünü ifadə edən nişan və xətləmə işləri düzgün aparılmadığından sürücülər burada çaş-baş qalır. Nəticədə demək olar ki, hər gün Xətai rayonunun bu hissəsində ağır yol qəzaları baş verir.

Bundan başqa, yeni istifadəyə verilən piyada keçidinə yaşlı və xəstə insanların çıxa bilməməsi, onların yolun hərəkət hissəsi vasitəsilə yolu keçməyə cəhd göstərməsi də müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyinə, Avtomobil Yolları Dövlət Agentliyinə və Bakı şəhər Dövlət Yol Polisinə müraciət edən sürücülər tezliklə məsələnin nəzarətə götürülərək həll edilməsini xahiş ediblər.

Lentə aldığımız bu hadisə isəməhz bu gün səhər baş verib.