Azərbaycanda ŞOK HADİSƏ - Kirayəşin evdəki hər şeyi satdı, 34 min manat ziyan vurdu
    • 9-02-2022, 15:48
    • 546

Azərbaycanda ŞOK HADİSƏ - Kirayəşin evdəki hər şeyi satdı, 34 min manat ziyan vurdu

Balakən rayonunda oğurluqla məşğul olan 1972-ci il təvəllüdlü K.Vasayev barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, rayon məhkəməsində aparılan araşdırmalar zamanı K.Vasayevin kirayə yaşadığı evdən ümumilikdə 33 min 526 manat dəyərində oğurluq etdiyi üzə çıxıb.

Belə ki, Balakən rayon Heydər Əliyev prospektində evi olan və Bakıda yaşayan Səhrəba Kərimova qonşusu Zaur adlı şəxsə evini əmanət edib və məsləhətli insan olarsa evinin bir hissəsini həmin şəxsə kirayə verməsini xahiş edib. O, evin ikinci mərtəbəsinə isə öz əşyalarını yığaraq qıfıllayıb və açarı özündə saxlayıb.

Bundan bir müddət sonra Zaur adlı şəxs bir nəfərin övladı ilə birgə kirayə mənzil axtardığını və etibarlı insan olduğunu bildirib. S.Kərimovanın razılığı ilə mənzilin bir hissəsini həmin şəxsə aylıq 120 manata kirayə veriblər.

Lakin bir müddət sonra kirayə yaşayan K.Vasayev pulu gecikdirməyə başlayıb, həmçinin evə baxış keçirmək istəyən S.Kərimovanın baldızını mənzilə buraxmayıb. Bundan sonra mənzil sahibi Bakıdan rayona qayıdıb. Məlum olub ki, kirayəşin evdə ona etibar edilmiş əşyaları, eləcə də qıfıllı yerdə saxlanılan bütün əşyaları qapının zamokunu qıraraq içəri daxil olmaqla hissə-hissə oğurlayaraq satıb. Oğurlanan əşyalar arasında paltaryuran, televizor, kombi aparatı, radiatorlar, geyimlər, odeyallar, mebel əşyaları, Quran kitabı, qab-qacaq, hətta həyətdəki təmir-təsərrüfat alətləri və sair olub. Ümumilikdə isə mənzil sahibinin 33 min 526 manatlıq əşyaları oğurlanaraq ona ziyan vurulub.

Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs daha əvvəl də oğurluq əməlləri törədib.

K.Vasayev isə ona böhtan atıldığını, təqsirsiz olduğunu, yalnız həyətdəki lazımsız metal qırıntılarını bir neçə manat qarşılığında satdğını bildirib.
Məhkəmə K.Vasayevi qeyd edilən əməllər üzrə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını ciddi rejimli müəssisədə çəkməyə məhkum edib.