Bakıda evdən 34 min manatlıq qızıl oğurlandı - VİDEO/FOTO
    • 11-02-2022, 12:18
    • 333

Bakıda evdən 34 min manatlıq qızıl oğurlandı - VİDEO/FOTO

Bakıda evdən 34 min manatlıq qızıl olan seyf oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2 000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur İsmayılov qısa zamanda saxalanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Elnur İsmayılov və İsmayıl Abbasov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.