Bakıda məşhur biznesmenin atası 2 milyon pul ödədi – Oğlu azadlığa çıxdı
    • 11-02-2022, 15:07
    • 1 779

Bakıda məşhur biznesmenin atası 2 milyon pul ödədi – Oğlu azadlığa çıxdı

“Easy Pay” terminalları xeyli vaxtdır ki, fəaliyyət göstərmir. Buna səbəb şirkətin rəhbəri, 1984-cü il təvəllüdlü Pərviz Əliyevin 1.8 milyon manata yaxın yeyintidə ittiham edilməsi və həbs edilməsi idi. Belə ki, “Azərişıq”-ın şikayəti əsasında o, cinayət məsuliyyətinə cəlb edilib.

News24.az-ın məlumatına görə, cinayət işinin materiallarından belə məlum olur ki, “Easy Pay” vasitəsiylə vətəndaşların ödədiyi təxminən 1 milyon 750 min manat işıqpulunu şirkət “Azərişıq”-ın hesabına köçürməyib.

Pərviz Əliyevə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub. Əliyev “Azərişıq”-a borclu olduqlarını təsdiqləsə də, sözügedən pulun yeyilməsi haqda deyilənlərlə razılaşmır: “Heç bir yeyintidən söhbət gedə bilməz. Bizdə bütün şirkət və banklarla hesablaşmalar, ödəmələr aylıq olurdu. Elə deyildi ki, abonent ödəniş eləyincə, biz dərhal şirkətin balansına köçürək. Danışıq aparılır, kim pulu təcili tələb edirdisə, sıralama üzrə, onlara daha əvvəl ödənilirdi. “Azərişıq”-a 2 milyon yarım borc olan aylar da olub. Ödəyə-ödəyə 1.7 milyona salmışıq. İttihamda yazılıb ki, guya 2019-cu ilin mart-aprel aylarında bu qədər yeyinti olub, – belə deyil. İllərin borcudur…”

Şirkət təsisçisi qeyd edib ki, haqsız rəqabət və üzləşdikləri ədalətsiz münasibət ucbatından xərcləri artıb. O, ifadəsində qeyd edib ki, bəzi şirkətlər onlara çatası faizləri ödəməyib. Bu üzdən gəlirləri xərclərini ödəməyib və nəticədə, ziyanla işləyib, kəsirlər yaranıb. Onun sözlərinə görə, “Azərişıq” kimi bəzi şirkətlərə də borclar bunun nəticəsində yaranıb.

Təsisçi Pərviz Əliyev məhkəməsində onu da bildirib ki, onun həbsindən sonra şirkətin bank hesabının üzərinə həbs qoyulub. Hesabda təxminən 400 min manat vəsait var. Şirkətin borcu bundan xeyli çoxdur.

“Azərişıq” cinayət işində zərərçəkmiş qismində tanınıb və 1 milyon 750 milyon manatın ödənilməsini tələb edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə məlum olub ki, iş adamı Pərviz Əliyevin atası 1 milyon 750 min manatı qarşı tərəfə ödəyərək barışıq əldə edib. Bu səbbədən “Azərişıq” iddiasını geri götürüb.
Məhkəmə P.Əliyevi 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Həmçinin oun cəzasının sınaq müddəti təyin edilməklə şərti hesab edilməsinə hökm edilib. Pərviz Əliyev bir neçə gün əvvəl hökmün elan edilməsi ilə məhkəmə zalından azadlığa buraxılıb.