Özünü vəzifəli şəxs kimi təqdim edənin qanunsuz əməlləri ifşa edildi
    • 22-02-2022, 15:49
    • 371

Özünü vəzifəli şəxs kimi təqdim edənin qanunsuz əməlləri ifşa edildi

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan News24.az-a bildirilib ki, belə tədbirlərdən biri kimi, Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilmiş Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş Prokurorluğun Mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində 2021-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.