Şirvanda brakonyerliyə qarşı reyd keçirildi - Fotolar
    • 23-02-2022, 16:13
    • 1 020

Şirvanda brakonyerliyə qarşı reyd keçirildi - Fotolar

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən keçən kanallarda ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə etməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi rezin təkərlər və kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb. 

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb.  

Həmçinin şöbə əməkdaşları həvəskar balıqçılarla da izahedici söhbətlər apararaq, bu cür üsullarla balıq ovlanmasının qanunla qadağan olunduğunu, belə hallarla qarşılaşdıqda mütləq qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə polis şöbəsinə məlumat vermələri tapşırılıb.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.