Bakıda gecəyarısı hotelə gedən qadının başına iş gəldi
    • 4-03-2022, 12:02
    • 1 801

Bakıda gecəyarısı hotelə gedən qadının başına iş gəldi

Bakıda hoteldə gecələyən qadın müştərinin avtomobilini əzən həmin hotelin əməkdaşına cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsində ötən il iyunun 12-dən 13-nə keçən gecə “Harmony” hotelində müştəri Aysu Quliyeva (şərti) “Audi” markalı avtomobilinin açarını qeydiyyat şöbəsində qoyaraq tutduğu nömrəyə keçib. Səhər saat 6 radələrində hotelin inzibatçısı xanım müştərinin avtomobilinin yerini dəyişdirmək üçün orada ofosiant işləyən 1996-cı il təvəllüdlü Altun Rəhimova tapşırıq verib. Altun isə özbaşına olaraq avtomobili sürərək hotel ərazisindən çıxıb. Maşınla bir qədər hərəkət etdikdən sonra o, sürəti nizamlaya bilməyərək qəza törədib və Aysuya məxsus avtomobili səkiyə çırpıb. Nəticədə avtomobilə 15 min manatdan artıq ziyan dəyib.

Xətai rayon Məhkəməsində Cinayət Məcəlləsinin 185.2.4-ci maddəsi üzrə (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) keçirilən prosesdə Altun Rəhimov törətdiyi əməldən peşman olduğunu, avtomobili qaçırmadığını, sadəcə onun yerini dəyişdirmək istədiyini, Ağ Şəhər dairəsindən fırlanmaqla maşını yolun əks istiqamətində park etmək istədiyini, qəzanın da həmin vaxt baş verdiyini deyib.

Avtomobilin sahibi isə ona dəymiş ziyanın hələ də ödənilmədiyini, qarşı tərəflə barışmadığını, hotelin icarədarına qarşı mülki iddia qaldıracağını deyib.
Məhkəmə 26 yaşlı Altunu Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə deyil  187-ci  maddəsi (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) ilə təqsirli bilib və onu 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Təqsirləndirilən şəxsə elektron nəarət vasitəsi tətbiq edilib.