Ukrayna Rusiya ordusu üçün CƏHƏNNƏMƏ ÇEVRİLİR - ŞƏRH
    • 16-03-2022, 16:46
    • 2 075

Ukrayna Rusiya ordusu üçün CƏHƏNNƏMƏ ÇEVRİLİR - ŞƏRH

“Ukrayna-Rusiya danışıqlarından bir nəticə gözləmirəm. Çünki Rusiyanın mövqeyində dəyişiklik yoxdur”.

Bu fikirləri News24.az-a açıqlamasında Rusiya-Ukrayna münasibətlərinin gedişatını şərh edən politoloq Elxan Şahinoğlu deyib: 

“Rusiya ultimativ şərtlərini qüvvədə saxlayıb: “Ukrayna Krım və Donbası Rusiya ərazisi kimi tanımalı, Ukrayna silahsızlaşdırılması və neytral status qəbul etməlidir”. Ukrayna ən uzağı neytral statusla bağlı məsələni qəbul edə bilər. Digər şərtlər çox iyrəncdir. Ukrayna bu şərtləri yerinə yetirməyəcək. Danışıqlar getdiyi halda müharibə də davam edir. Bu, məntiqə də ziddir. Danışıqlar olan müddətdə müharibəyə fasilə verilməli idi”.

Ekspert bildirib ki, Rusiyanın yürütdüyü siyasət onun tərəfdaşlarını da qorxudur: “Məsələn: görün, Rusiya hansı həddə çatıb ki, Çinə müraciət edərək hərbi texnika və hərbçilər üçün ərzaq istəyib. Deməli, Rusiya heç öz ordusu üçün yetərli qədər ərzaq istehsal etməyib. Bundan əlavə, Dehli Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla hesablaşmağa başlayıb. Hindistanın böyük şirkətləri və bankları obyektiv səbəblərdən rusiyalı həmkarlarıyla əməkdaşlıqdan çəkinirlər. Rusiya təkcə Belarusdan dəstək ala bilir. Rusiyanın əsas işğal hədəfləri Mariupol, Xarkov və Kiyevdir. Lap işğal etsə belə Rusiyanın o əraziləri necə idarə edəcəyi böyük bir sual altındadır. Danışıqlar o zaman nəticə verə bilər ki, Rusiya real olaraq geri addım atmağa hazır olsun. Hətta atəşkəslə bağlı razılıq olduğu halda bunu uğur saymaq olar. Çünki çox sayda mülki vətəndaş mühasirədədir. Humanitar koridorlar tam açılmalıdır ki, insanlar müharibə olan şəhərləri tərk edə bilsin”.

Politoloq vurğulayıb ki, “qüdrətli Rusiya ordusu” mifi dağıdılıb: “Rusiya elə bir mənzərə yaratmışdı ki, sanki son dərəcə müasir əhəmiyyətli hərbi texnika istehsal edirdi. Ancaq bunlar sadəcə əfsanə imiş. Rusiyanın köhnə texnikalarını Ukrayna sıradan çıxarır. Bu müharibə Rusiya ordusunun da imicinə ciddi zərbə vurdu. Rusiya bu zərbəni ilk dəfə 90-cı illərin əvvəlində Birinci Çeçen Savaşında almışdı. SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) Əfqanıstana 1979-cu ildə müdaxilə etmişdi. 10 il orada qalan Rusiya ordusu təxminən 12-13 min hərbçi itirdi. Rusiya bu qədər hərbçini Ukrayna savaşında cəmi 20 gündə itirib. Ukrayna Rusiya ordusu üçün cəhənnəmə çevrilir. Əfqanıstan müharibəsinin yanlış qərar olması ilə bağlı rus politoloqlar uzun müddət danışdılar. Əfqanıstan müharibəsi yanlış qərar idisə, Ukrayna müharibəsi ondan da böyük yanlışdır. Müharibənin davam etməsi Rusiyanın iqtisadiyyatına, ordusuna, imcinə çox zərbə vurdu. Müharibə dayandığı təqdirdə belə Rusiyanın iqtisadiyyatını bərpa etməsi üçün 20-30 il vaxt lazımdır”.