“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası davam edir
    • 23-03-2022, 19:23
    • 2 673

“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bazarstore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bu gün Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən “Bazarstore” supermarketin qarşısında tinglərin paylanması aksiyası keçirilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib. 

"Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara sərv, heyva, feyxoa, alma, yapon əzgili, oleandr, birgöz, şaftalı tingləri hədiyyə edilib, onların əkilməsinə dair məlumatlar verilib".

S.Məmmədova qeyd edib ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

"Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Eyni zamanda əldə etdikləri tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşməyə səsləyirik".