Rusiya Ermənistandakı imicini düşünərək Qarabağla bağlı ABSURD BƏYANATLAR verir – ŞƏRH
    • 28-03-2022, 16:02
    • 1 559

Rusiya Ermənistandakı imicini düşünərək Qarabağla bağlı ABSURD BƏYANATLAR verir – ŞƏRH

“Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı fikir ayrılıqları, qurulan cümlələr kifayət qədər ciddi məqamlardan xəbər verir. Qarabağdakı mövcud prosesləri iki kontestdən nəzərdən keçirməliyik. Birincisi, biz Azərbaycan Ordusunun heç bir maneə olmadan, öz gücü hesabına Fərrux yüksəkliyinə şahidlik etdik. Digər tərəfdən isə görürük ki, Rusiya Müdafiə Nazirliyi reallığa uyğun olmayan bəyanat verdi. Bu isə ondan xəbər verir ki, hadisələr kifayət qədər dərin və planlıdır”.

Bu fikirləri News24.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Ekspert son günlər Rusiya Müdafiə Nazirliyinin verdiyi qərəzli bəyanatlarla bağlı bu fikirləri bölüşüb: “Hər bir halda həm Ermənistan, həm də Rusiya üçtərəfli bəyanata imza atıb. Bəyanatda yer alan müddəaların yerinə yetirilməsi ermənilər üçün çox vacibdir. Çünki Azərbaycan hər bir müddəanı yerinə yetirib. Üçtərəfli bəyanatda yer alan Erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsi öz həllini tapmayıb. Bu məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşürdü. Erməni terrorçuları elə sülhməramlıların nəzarəti altında olan ərazinin yaxınlığında yerləşərək Azərbaycan Ordusuna qarşı təxribatlar törədirdilər. Bakı sülhməramlıların rəhbərindən tələb etmişdi ki, Azərbaycan Ordusuna qarşı təxribatlara son verilməli və qazıntı işləri baş tutmamalıdır. Təbii ki, erməni hərbi birləşmələrinin Qarabağda olmasının özü bu bəyanatın normalarına ziddir.  Nəticə etibarilə Azərbaycan xəbərdarlıq edəndən sonra Fərrux kəndində öz istəyinə çatdı”. 

O əlavə edib ki, Rusiya Ermənistandakı imicini düşünərək Qarabağla bağlı absurd bəyanatlar verir: “Rusiya çalışır ki, Qarabağla bağlı birtərəfli mövqe nümayiş etdirsin. Azərbaycanın Müdafiə Nazirliyinin də qeyd etdiyi kimi Rusiya MN Qarabağla bağlı verdiyi açıqlamalarda düzgün ifadələrdən istifadə etməlidir. Ancaq biz əksini müşahidə edirik. Bu, o deməkdir ki, Rusiyanın siyasi və hərbi dairələrində fikir ayrılığı mövcuddur. Zənnimcə, yaxın vaxtlarda Rusiyanın güc strukturlarında siyasi elita tərəfindən mühüm dəyişikliklər ediləcək. 

Azərbaycanın son atdığı addımlar onu göstərdi ki, Cənab Prezident nəyi, nə vaxt etmək lazımdır, çox yaxşı bilir. Ölkə başçısı hadisələri düzgün hesablamağı həmişə çox yaxşı bacarıb. Nəticəni də biz görməkdəyik”.  

Siyasət şöbəsi