Fərruxdan Xankəndiyə gedən yol: Yaxın zamanda bayrağımız... – ŞƏRH
    • 28-03-2022, 18:48
    • 1 806

Fərruxdan Xankəndiyə gedən yol: Yaxın zamanda bayrağımız... – ŞƏRH

Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsindən sonra insanlarda yeni bir sual formalaşıb: Görəsən, ordumuz yeni bir antiterror əməliyyatı keçirəcəkmi?

News24.az olaraq bu sualla politoloq Cümşüd Nuriyevə üz tutub.

Ekspert bildirib ki, yeni bir antiterror əməliyyatı reallaşa bilər: “Çünki Azərbaycan qanunvericiliyinə əsasən, Ağdam rayonunun ərazisinə daxil olan bir neçə kəndi rus sülhməramlıları öz nəzarəti altında saxlayır. Rus sülhməramlıları Qarabağa BMT-nin əsasnaməsi ilə gəlməyib. Onlar BMT nizamnaməsinə uyğun fəaliyyət göstərmirlər. Rusiya sülhməramlılarının atdığı addımlar nəinki Azərbaycan dövlətinin marağına, ümumiyyətlə beynəlxalq hüquqa belə ziddir. İkincisi, Azərbaycan böyük qayıdış planı hazırlayır. Bu il ən çox tikintinin keçiriləcəyi ərazilərdən biri də Ağdam rayonudur. Erməni silahlıları Qarabağda dəfələrlə avtomobil yolu çəkən işçiləri, “Azəriqaz” və “Azərişıq”ın əməkdaşlarını atəşə tutublar. Onlar minalar basdırmaqda davam edirlər. Bu minalardan yaralanan və ölənlər var.


İl yarım ərzində baş verən bütün bu hadisələr onu göstərdi ki, nə sülhməramlılar öz missiyasını yerinə yetirdi, nə də Ermənistan tərəfi sülhə hazırdır. Bu mənada Azərbaycan Ordusu yeni antiterror əməliyyatları keçirməlidir. Hazırda Azərbaycanın Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin tutduğu mövqe çox düzgündür. Nazirliklər sosial sifarişi icra etməlidir. Vətən Müharibəsindən sonrakı qalibiyyətdən sonra xalq öz qəddini düzəldib. Eyni zamanda dövlət öz imicini bərpa edib. Belə bir xalqın nazirliyi də ona uyğun hərəkət etməlidir”. 

C.Nuriyev Xankəndi ilə bağlı yayılan söhbətlərə də münasibət bildirib: “Bunu əminliklə deyə bilərəm ki, yaxın zamanda Xankəndidə Azərbaycan bayrağı asılacaq. Bir az səbr lazımdır. Azərbaycanın indiki mövqeyi, Rusiyanın hazırkı hərbi, siyasi və iqtisadi vəziyyəti, Ermənistanın mövcud durumu onu deməyə əsas verir ki, biz doğru yoldayıq”. 

Siyasət şöbəsi