"Bərbad kinomuz"un SƏDR DƏRDİ: Kim olsun?... - Onlar danışdı
    • 30-03-2022, 18:38
    • 2 501

"Bərbad kinomuz"un SƏDR DƏRDİ: Kim olsun?... - Onlar danışdı

Azərbaycan Kinematoqrafçılar İttifaqının mərhum sədri Rüstəm İbrahimbəyovun yerinə kimin rəhbər seçiləcəyi müzakirə mövzusudur. Yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov bildirib ki, seçkilər Rüstəm İbrahimbəyovun 40 mərasimindən sonra keçiriləcək.
 
News24.az mövzu ilə bağlı kino xadimlərinin fikirlərini öyrənib. 

Xalq artisti Rasim Balayev saytımıza açıqlamasında perspektivi olan gənc kadrın seçilməsinin tərəfdarı olduğunu deyib: “Düzdür, çoxunu tanımıram, ancaq cavan biri seçilsə, daha yaxşı olar. İstənilən halda sədr seçilən adamın ortaya qoyduğu işləri, filmləri olmalıdır. Yəni bilməliyik ki, bu adam kinonun içindədir və vəzifəsini layiqincə yerinə yetirəcək”. 

O əlavə edib ki, yeni kadr gəldikdən sonra dəyişiklik olacağına inanmır: “Çünki Kinematoqrafçılar İttifaqı ictimai təşkilatdır. Zənnimcə, Mədəniyyət Nazirliyindən kino şöbəsini ayırmaq lazımdır. Vaxtilə kino ayrıca bir komitə olub. Kino sahəsi komitə və ya hər hansı bir qurum kimi fəaliyyət göstərməlidir, heç kimə tabe olmamalıdır. Belə olan halda bu qurum kino ilə bağlı qərarları özü verə bilər. Ancaq indiki halda Kinematoqrafçılar İttifaqı Mədəniyyət Nazirliyinin bilavasitə tərkibindədir”.  

Kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayev isə Kinematoqrafçılar İttifaqının işləri və orada gedən hadisələrin maraq dairəsində olmadığını qeyd edib: “O ittifaq mənim üçün ümumiyyətlə mövcud deyil. Hörmət etdiyim adamlar bu fikirdədir ki, kino ayrı bir təşkilat olmalıdır. Bu fikirlə qətiyyən razı deyiləm. Bunun bir səbəbi var. Azərbaycan kinosu milli mədəniyyətimizin bir hissəsidir. Bu səbəbdən kino ayrı bir qurum olsa da Mədəniyyət Nazirliyinə tabe olmalıdır. “Azərbaycanfilm” kinostudiyası hazırda bərbad vəziyyətdədir. “Azərbaycanfilm” kinostudiyasına mədəniyyət ocaqlarımızdan biri kimi münasibət göstərməliyik. Azərbaycanda çəkilən filmlərə qeyri-sağlam bir yanaşma tərzi var: film ya gəlir gətirməlidir, ya da festivalda uğur qazanmalıdır. Hər ikisi kinonun inkişafına zərər gətirən amildir. Bir tərəfdən "Bozbash Pictures” kimi bayağı, millətin zövqünü məhv edən filmlər çəkilir, digər tərəfdən isə festivalda Azərbaycanın mövqeyinə, imicinə, nüfuzuna, dövlətçiliyinə zidd olan filmləri uğurlu sayırlar. Bu da ziyanlıdır. Kino Azərbaycan xalqının, tarixinin, mentalitetinin güzgüsünə çevrilməlidir. Yüksək peşəkarlıqla yanaşı vətəndaşlıq hissi, mövqeyi olan kadrlar yetişdirmək lazımdır. 

Biz Qarabağda tarixi qələbə qazandıq. Millət kimi yenidən dirçəldik. Ancaq ortaya bir sual çıxır, incəsənətin kino da daxil olmaqla hansı sahəsində bu qələbəni əks etdirə bildik? Heç birində. 

Belə bir fikir var ki, iki Kinematoqrafçılar İttifaqı birləşsin. Hazırda mənim üzvü olduğum Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı digər ittifaqla birləşsə, mən çıxacam”.