Van Damma Konqo Prezidenti adından diplomatik pasport verilib
Belçika əsilli məşhur kinoaktyor, ssenarist, prodüser, montajçı, bodibilder, döyüş sənəti ustası Jan-Klod Van Damm çərşənbə günü Konqonun paytaxtı Kinşasada Konqo Demokratik Respublikasının diplomatik pasportunu alıb.
Bu barədə Konqonun “Politico” portalı məlumat yayıb. "Burada mənə böyük sevgi ilə göstərilən səmimi qəbula görə Konqoya təşəkkür edirəm", - 62 yaşlı aktyor mərasim zamanı deyib.
Diplomatik pasportu Van Damma Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi adından xarici işlər nazirinin müavini Sami Adubanqo təqdim edib.
Qeyd edək ki, aktyor Konqo Demokratik Respublikasında çox məşhurdur, bunun səbəbi aktyorun Afrika ölkəsinin cənub-şərqindəki Lubumbaşi şəhərində anadan olması ilə bağlı yerli əfsanədir. Valideynləri Konqonun Yuxarı Katanqa əyalətinə səfər etsə də, Van Damm Belçikanın paytaxtı Brüsseldə anadan olub.
Xatırladaq ki, Van Damm dünya miqyasında döyüş sənəti ustası kimi kino şöhrəti qazanıb. O, 50-dən çox filmdə rol alıb./Report/