"Şuşa, Kəlbəcər, Zəngilan və Hadrudda  200-dən çox abonentimiz var" -
    • 27-04-2022, 14:40
    • 336

"Şuşa, Kəlbəcər, Zəngilan və Hadrudda 200-dən çox abonentimiz var" - "Azərsu"

"Hazırda "Azərsu" ASC-nin işğaldan azad edilən ərazilərdə 4 briqadası fasiləsiz fəaliyyət göstərir: Şuşa, Kəlbəcər, Zəngilan və Hadrut qəsəbəsi. Orada 24 saat xidmət göstəririk. Artıq o ərazilərdə 200-dən çox abonentimiz var. Sayğaclar quraşdırmışıq".

News24.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin şöbə rəisi Anar Cəbrayıllı deyib.

Şöbə rəisi qeyd edib ki, əsas iş Ağdam rayonunda reallaşıb: "Orada ilk işimiz Türkiyə-Rusiya monitorinq mərkəzinin su təchizatını yenidən qurulması olub. Daha sonra Ağdam rayonunun su mənbələrinin müəyyən edilməsi ilə bağlı kompleks işlər apardıq. 2 ədəd qiymətləndirmə kəşfiyyat quyusu qazıldı. O quyularda məhsuldarlıq artıq yaxşıdır. Ağdam rayonunun Xıdırlı kəndi istiqamətində bir sıra artezian quyuları qazdıq. 

Daha sonra Şuşa şəhərində böyük işlərimiz oldu. Şuşa magistral su kəmərinin 6 kilometrlik hissəsini tamamilə yeni borularla tikib, istismara verdik. İndi isə Şuşa şəhərində anbarların tikintisi və şəhərdaxili şəbəkələrin bir hissəsinin yenilənməsini planlaşdırırıq. Orada biz bütün fəsillərdə biz qiymətləndirmə apardıq". 

A.Cəbrayıllı vurğulayıb ki, Şuşa şəhərinin gələcək baş planı inkişaf edəcəyi təqdirdə qışda və yayda su çatışmazlığı ola bilər: "Ona görə də dövlət orqanları tərəfindən işçi qrup yaradıldı. Artıq ilkin işçi layihə hazırdır. Daşaltı kəndindən yuxarı hissədə su anbarı yaradacağıq. Onun sahilində 2,6 kilometr təzyiqli magistral su xətti çəkəcəyik. Sovet dövründə Şuşa şəhərində su təchizatı fasiləli qrafiklə olub. Amma gələcək planımız odur ki, bütün sferalarda: ticarət, ictimai iaşə, turizm, yaşayış, hərbi, mülki obyektlərin hamısı fasiləsiz su ilə təmin olunsun. 

Laçın, Zəngilan, Qubadlı və Cəbrayıldakı hərbi obyektlərimizi su ilə təmin edirik. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərimizdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur. Qarabağda həm yeraltı, həm də yerüstü keyfiyyətli su mənbələrimiz mövcuddur. Bolsulu ərazilərimiz Kəlbəcər və Laçındır. Kəlbəcərin magistral su xəttini bərpa etmişik. Kəlbəcərlə də bağlı baş plan təsdiq olunandan sonra yerüstü su anbarından istifadə olunacaq".