Sabunçuda sudan qanunsuz istifadə halı aşkarlanıb
    • 12-05-2022, 16:14
    • 363

Sabunçuda sudan qanunsuz istifadə halı aşkarlanıb

“Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Sabunçu rayonunun Bilgəh qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bu barədə  News24.az-a Azərsudan məlumat verilib.

Bilgəh qəsəbəsi Albalılıq massivində yerləşən istixanada içməli sudan qanunsuz istifadə halı müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verərək  sudan istifadə edir. Əvvəllər sudan qeyri-qanuni istifadəyə görə akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi təkrar qoşulma etməklə qanunazidd əməllərinin davam etdirib. 

Bilgəh qəsəbəsi Albalılıq massivində yaşayan bəzi sakinlər texniki şərt olmadan, tikinti norma və qaydalarına uygun olmayaraq su xətləri çəkiblər. Onlar təzyiq yaratmaq məqsədilə xəttin üzərində bölüşdürücü çənlər quraşdırıblar və suyu evlərə həmin çənlər vasitəsilə paylayıblar. Ərazidəki fərdi yaşayış evlərinin əksəriyyəti sayğac quraşdırmadan sudan uçotsuz istifadə ediblər. Bununla yanaşı, “Azərsu” əməkdaşlarına qapı açmayan sakinlər muqavilə bağlamaqdan imtina edirlər. Aşkarlanmış qeyri-qanuni xətlər ləgv olunub.

 Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin  yanvar-aprel aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2982, Sabunçu rayonu isə üzrə 545 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 797 min və 175 min kubmetr  həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-aprel aylarında  sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.