"Çiyin-çiyinə bir yumruq kimi” layihəsi başa çatdı - VİDEO
    • 20-05-2022, 18:14
    • 326

"Çiyin-çiyinə bir yumruq kimi” layihəsi başa çatdı - VİDEO

"YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi başa çatdı. 

News24.az xəbər verir ki, layihə çərçivəsində 50-ə yaxın qazimiz 12–19 may tarixlərində Türkiyənin Alanya şəhərində bir çox tədbirlərə qatıldılar. Onlar Alanya Bələdiyyəsinin dəvəti ilə görüşdə iştirak etdilər. Bələdiyyə nümayəndələri qazilərimizə türk xalqının sevgisini, dostluğunu və səmimi sözlərini çatdırdılar, həmçinin “YAŞAT” Fondunun təqvimi və jurnalı qazilərimiz tərəfindən onlara təqdim olundu.  

Qazilərimiz həmçinin bölgənin görməli yerlərini və tarixi məkanlarını ziyarət etdilər. Kanatla şəhərin ən hündür nöqtəsi, Alanyanın məşhur qalası, Dim və Damlataş mağaraları ziyarət edildi. Qazilərimiz onlar üçün ayrılan xüsusi yaxtada bir günü də Aralıq dənizində keçirdilər. 

Layihə çərçivəsində qazilərimiz mədəniyyətlərin və təcrübələrin mübadiləsi məqsədi ilə təşkil olunan müxtəlif tədbirlərə qatıldılar, "Alanyaspor-Qaziantepspor" futbol maçına xüsusi dəvətli olaraq oyunu canlı izlədilər. Oyun öncəsi “Alanyaspor” futbol klubunun prezidenti meydanda qazilərimizlə görüşdü, onlara hədiyyələrini təqdim etdi. 

Layihə 19 may tarixində uğurla başa çatdı.