Əfqanıstanda qadın aparıcı və müxbirlər  üzlərini örtəcəklər
    • 23-05-2022, 10:31
    • 296

Əfqanıstanda qadın aparıcı və müxbirlər üzlərini örtəcəklər

Taliban qadın aparıcılar və müxbirləri yayım zamanı üzlərini örtməyə məcbur edib.

News24.az xəbər verir ki, Əfqanıstanın TOLOnews telekanalı Twitter hesabında paylaşdığı xəbərdə təlimatın bütün televiziya kanallarına göndərildiyini bildirib.

Xəbərə görə, qərarla bağlı “Fərziyyatın Yayılması və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi” və “İnformasiya və Mədəniyyət Nazirliyi”nin nümayəndələri telekanalın tabe olduğu Moby Media Qrupuna məlumat veriblər. Nazirlik nümayəndələri qərarın "yekun" olduğunu və "müzakirəyə açıq olmadığını" bildiriblər. Qanun qadın aparıcıların yalnız gözlərini görməsinə icazə verir.

Taliban yeni media tənzimləməsi ilə bağlı ictimaiyyətə açıqlama verməyib.

Qeyd edək ki, mayın 7-də Taliban qadınlara ictimai yerlərdə bütün bədənlərini örtmək öhdəliyi qoyub. Taliban lideri Hibetullah Axundzadənin imzaladığı fərmanda qadınlardan ictimai yerlərdə üzlərini və bədənlərini  burka ilə örtmələri istənilib.

Eyni zamanda bu ilin mart ayında Əfqanıstanda BBC və Deutsche Welle də daxil olmaqla ölkə xaricindəki bütün media yayımları, məzmunlarına və işçilərinin geyimlərinə nəzarət etmək imkanlarının olmadığı səbəbilə qadağan edilib./Vatan/