Qurban Qurbanov: "Sosial şəbəkələrdə səhifəm yoxdur"
    • 23-05-2022, 16:02
    • 318

Qurban Qurbanov: "Sosial şəbəkələrdə səhifəm yoxdur"

“Mənim uğurlarım oğlum Musa Qurbanlının qarşısını almır".

News24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis gənc hücumçuya bu mövzuda müxtəlif sualların verildiyini söyləyib: "Mənə də irad bildirirlər ki, oğlu olduğu üçün az şans verir. Elə böyük futbolçu karyeram olmayıb ki, Musaya maneçilik törətsin. Ona da demişəm ki, məndən daha yaxşı olmağı qarşısına məqsəd qoymalıdır. Bu prinsipi yoxdursa, futbolçu olmağa ehtiyac yoxdur. Hər bir potensiallı insanın yanında yaxşı şəxsiyyət olmalıdır. Gənc yaşda insanın səhvləri həddindənd artıq olur. Azərbaycanlı futbolçularla bağlı ən böyük narahatlığım da budur. Kimsə hansısa futbolçuya çatmaq istəyir. Musa məndən bir az yaxşı olacaqsa, bu, güclü futbolçu üçün bəs etmir. Məndəki xarakterin futbolçularımda olmasını istəyirəm”.

Qurbanov ən çox narahat olduğu məqam kimi insanların mobil telefonlara aludəçiliyini vurğulayıb: “Son vaxtlar hamımızın yaralı yeri mobil telefonlar, sosial şəbəkələrdir. İnsan həyatının 70 faizini bu telefonlar alıb. Mənim bu gün də sosial şəbəkələrdə səhifəm yoxdur. Gənclikdəki prinsiplərimi qoruyub saxlayıram. Amma oğlum da daxil olmaqla, indiki futbolçulara nə vaxt baxırsan, əllərində telefonla gəzirlər. İndiki futbolçuların gərək daim yanında olasan, bazada çox saxlayasan ki, potensialını yaxşılaşdırasan. Telefon bütün cəmiyyətin yaşam tərzinə çevrilir”. /Report/