Bakıda müəssisədə güclü yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
    • 26-05-2022, 16:05
    • 421

Bakıda müəssisədə güclü yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb.

Bu barədə News24.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyini Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

FHN-in yaydığı məlumatda qeyd edilib ki, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 28 000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

***

15:16


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Bu barədə News24.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:07


Bakıda sexdə baş vermiş güclü yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir. 

Əlavə məlumat veriləcək.