FHN-in Akademiyasında 28 May - Müstəqillik Günü qeyd olundu - FOTO
    • 28-05-2022, 21:15
    • 429

FHN-in Akademiyasında 28 May - Müstəqillik Günü qeyd olundu - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, tədbirdə FHN-in Akademiyasının rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru dosent Bəhruz Məhərrəmov, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiya rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov iştirakçıları salamlayaraq onları Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub.

Rəisin birinci müavini müasir müstəqil və güclü Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışıb. Qeyd edib ki, məhz xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin güclü iradəsi, zəngin siyasi təcrübəsi və hədsiz Vətən sevgisi sayəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Bu gün Ümummilli Liderin mütərəqqi siyasi kursunun mahir davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. O, Prezidentin müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin daha da qüdrətlənməsi üçün həyata keçirdiyi irimiqyaslı islahatlardan söz açıb, onun misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən danışaraq qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət mürəkkəb, lakin şərəfli yol keçib. Bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan xalqı qısa müddət sonra qovuşduğu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalıb. Yalnız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi, Vətəninə, xalqına bağlılığı sayəsində xalqımız müstəqilliyini qoruyub saxlaya bilib. O, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının qazandığı tarixi Qələbədən, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən misli görünməmiş tikinti-bərpa və quruculuq işlərindən, bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələrdən danışıb.