"Xəstəliyimizdən daha çox ətrafdakıların baxışlarından yanırıq"  -
    • 1-06-2022, 14:47
    • 668

"Xəstəliyimizdən daha çox ətrafdakıların baxışlarından yanırıq" - "Kəpənək uşaqlar"

Onlar ömürlərini bədənindəki saysız yaralarla keçirənlər, çarəsiz  xəstəliklə yaşamağa məhkum olan,  ixtiozla doğulanlardır. Kəpənək xəstələridir. 

Uşaqlığı park əvəzinə xəstəxanalarda keçən, məktəb çantası əvəzinə dərman çantası daşıyan bu balacaların arzuları, qurduqları xəyalları da yaşıdlarından fərqlənir.


Onların bir arzusu var,  yerimək, sağalmaq, cəmiyyətdə qəbul olunmaq...


News24.az 1 iyun-uşaqların müdafiəsi gününü Yaşama Dəstək İctimai Birliyində keçirdi. Bu uşaqların əngəlsiz arzularının həmsöhbəti oldu.
Bu xəstəliklər insan doğulandan onunla birgə dünyaya gəlir, ömür boyu onunla yaşayır. Bu xəstəlikdən əziyyət çəkən körpə kəpənəklər yanaraq yaşayırlar. Dəridə daim suluqlar əmələ gəlir.

İxtioz dünyada  yüz min insandan birində rast gəlinir. İnsan böyüdükcə dəri dartılır və səthdə pulcuqlar, çatlar əmələ gəlir. Tədricən o çatlar  yaraya çevrilir. Bəziləri gözlərini yuma, oynaqlarını hərəkət etdirə bilmirlər. Günbəgün inkişaf edən tibbin qarşısında aciz qaldığı bu xəstəkdən təəssüf ki, sağalma ehtimalı yoxdur. Yalnız dərmanlar vasitəsilə ağrılar bir qədər yüngülləşir.

Bu xəstəliklər insanın xarici görünüşündə dəyişikliklər əmələ gətirir. Bu xəstəliyin keçici ola bilməsindən, ya da nadir halda rast gəldiklərindən insanların çoxu onlarla ünsiyyət qurmaq, yaxınlaşmaq istəmir. Onların sorğu-sualsız, qəribə baxışlara rast gəlmədən  gələ bildikləri tək yer isə Yaşama Dəstək Birliyidir. Elə bu birliyin qurulmasının da məqsədi uşaqların rahat şəkildə ünsiyyətini təmin etməkdir.

Bir uşaq bir cəmiyyəti dəyişə bilər. Onların bu şansı, bu gücü var. Yetər ki, bizlər onların bu şansını əllərindən almayaq. Sevgimizlə onların yaşamına dəstək olaq. Yalnız bayramda yox, hər fürsətdə yada salaq. Yada salaq ki, körpə kəpənəklərə ağır gələn qanadları qırılmasın. Ömürləri kəpənək ömrü tək qısa olmasın.