Sarayda tapılan ayı balası reabilitasiya klinikasına təhvil veriləcək - FOTO -YENİLƏNİB
    • 4-06-2022, 15:54
    • 288

Sarayda tapılan ayı balası reabilitasiya klinikasına təhvil veriləcək - FOTO -YENİLƏNİB

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş Daxili İşlər Nazirliyinin  "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.

DİN-dən News24.az-a verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.

***

14:44


Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Bunu News24.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür.

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı görüntülər yayılmışdı.