Bakıda tanınmış biznesmenin evində xadimə işləyən qadının ŞOK ƏMƏLLƏRİ
    • 6-06-2022, 15:43
    • 410

Bakıda tanınmış biznesmenin evində xadimə işləyən qadının ŞOK ƏMƏLLƏRİ

Bakıda xadimə kimi işlədiyi evdən 27 min manatlıq qızıl və 4800 dollar oğurlayan qadın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Zaqatala rayon sakini olan 1982-ci il təvəllüdlü Aynur Xəlilova barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış işə Xətai rayon Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, Ə.Qarayev adına xəstəxanada xadimə işləyən A.Xəlilova maaşınn az olması səbəbindən əlavə olaraq Xtai rayonu Əbilov küçəsində yaşayan iş adamı E.Əliyevin mənzilində günü 30 manata xidmətçi kimi çalışıb. Övladı serebral iflic olan qadın 2019-cu ildən həmin evdə işləyirmiş. Mənzil sahibi işlədiyi hər gün üçün ona ödəniş edirmiş. Bir müddət sonra, daha dəqiq desək 2021-ci ilin fevral ayından etibarən üçmərtəbəli evdə sərbəst hərəkət etmək ixtiyarı olan xadimə evin müxtəlif yerlərində saxlanılan qızıl-zinət əşyalarından hissə-hissə oğurlamağa başlayıb. O, 2021-ci ilin fevral – iyul ayları ərzində evdən ümumilikdə 27 min manatlıq qızıl-brilyant və 4800 ABŞ dolları götürüb. Aynur Xəlilova həmin qızılları lombarda qoyaraq kreditlə pul götürüb.

Məhkəmədə ifadə verən A.Xəlilova bildirib ki, övladı ağır xəstəlkdən əziyyət çəkdiyi üçün evində işlədiyi iş adamının xanımına ona köməklik göstərməsini xahiş edib. Lakin ev sahibəsi, eləcə də E.Əliyevin anası Aynurun müraciətinə mənfi cavab veriblər. Bundan sonra o, mənzildən hissə-hissə qızıl götürərək lombarda qoyub nağd pul götürərək övladını həkimə aparıb müalicə etdirməyə başlayıb. 2021-ci ilin iyulunda isə onun əməllərinin üstü aççılıb.

A.Xəlilova əlavə edib ki, oğurladığı qızılların böyük hissəsi artıq geri qaytarılıb və E.Əliyevə dəymiş ziyanın 15 min manatı qalıb və bu məbləğin yalnız 300 manatını vermək gücündədir. E.Əliyevin ailəsi isə 300 manatı qəbul etməyib.

E.Əliyev məhkəmədə iştirak etmədiyindən onun nümayəndəsi ifadə verib. O, dəymiş ziyanın 15 min manatının hələ ödənilmədiyini bildirərək A.Xəlilovadan şikayətçi olduqlarını və onun cəzalandırılmasını istədiklərini bildirib.

Xətai rayon Məhkəməsi 40 yaşlı A.Xəlilovanın himayəsində azyaşlı uşağının olmasını, uşağının serebral iflic xəstəliyi olmasını, ağır həyat şəraiti nəticəsində ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi qiymətləndirib və onun həbs edilməməsinə, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə hökm edib. A.Xəlilovaya elektron qolbaq taxılıb və üzərinə yaşadığı yeri tərk etməmək tapşırığı qoyulub.