“Semaşko”nun həyətində qanlı dava – Bıçaqlayaraq ölümcül hala saldı
    • 10-06-2022, 14:24
    • 401

“Semaşko”nun həyətində qanlı dava – Bıçaqlayaraq ölümcül hala saldı

Ötən ilin 23 dekabrında Bakı şəhər Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanında yerləşən və “Semaşko” Xəstəxanası adı ilə tanınan Kliniki Tibbi Mərkəzin həyətində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Romal adlı dostunu bıçaqlayan 1985-ci il təvəllüdlü Rüstəm Məmmədovun hadisəni 20 manat pula görə törətməsi məlum olub.

Araşdırma zamanı üzə çıxıb ki, hadisədən bir müddət sonra Rüstəm Romala məxsus olan “Hyundai” markalı avtomobili 20 manat etibarnamə xərci çəkməklə icarəyə götürüb. Onlar Rüstəmin taksi kimi fəaliyyət göstərib və əldə edilmiş gəlirin bölüşdürülməsinə razılaşıblar. Lakin bir neçə gün sonra Romal Rüstəmə onun ödədiyi faizin sərf etmədiyini bildirərək maşını geri verməsini tələb edib.

Rüstəm də dekabrın 23-də görüşməyi təklif edib. Romal ona “Semaşko”ya gedərək metadon suyu içəcəyini bildirib və orada görüşüb məsələni həll etmək istədiyini bildirib. Saat 12:30 radələrində xəstəxananın həyətindəki dayanacaqda olarkən onların arasında 20 manata görə mübahisə yaranıb. Rüstəm etibarnaməyə verdiyi pulu tələb etdiyinə görə Romal ona etiraz edib. Mübahisə əsnasında avtomobildən düşən şəxslər xəstəxananın həyətində dalaşıblar. Bu zaman Rüstəm qatlanan cib bıçağı ilə Romala xəsarət yetirərək qaçıb.

Daha sonra tutulan 37 yaşlı şəxs barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma – xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə iş açılıb. Nəsimi rayon Polis İdarəsində açılmış işin materialları daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesin yekununda tanışını bıçaqlayan Rüstəm Məmmədovun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi haqda hökm çıxarılıb.