Şamaxıda yol qəzasında yaralananların vəziyyəti açıqlandı
    • 13-06-2022, 10:12
    • 326

Şamaxıda yol qəzasında yaralananların vəziyyəti açıqlandı

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

TƏBİB-dən News24.az-a bildirilib ki, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.