“Xəstəlik azalıb, hansı məntiqlə açmırlar?” – Deputatlardan quru yollarına görə SƏRT REAKSİYA
    • 23-06-2022, 14:57
    • 904

“Xəstəlik azalıb, hansı məntiqlə açmırlar?” – Deputatlardan quru yollarına görə SƏRT REAKSİYA

Nazirlər Kabinetinin COVID-19 pandemiyası ilə əlaqədar 20 iyunda xüsusi karantin rejimini uzatması və quru sərhədlərini bağlı saxlaması qərarı insanlarda yenidən narazılıq yaradıb. 2020-ci ilin martından ölkənin quru sərhədləri bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir. Təyyarə biletlərinin qiyməti isə bütün vətəndaşların büdcəsinə uyğun deyil. 

News24.az olaraq məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrəndik. 

Millət vəkili Fəzail Ağamalının fikrincə, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətini peşəkar formada icra edir: “Operativ Qərargah pandemiyanın tüğyan etdiyi ərəfələrdə bütün mümkün addımları atdı. Düzdür, tam deyə bilmərik ki, bütün işləri ən yüksək standartlara uyğun həyata keçirdi. Ancaq bu, normaldır. Çünki pandemiya anidən dünyanı öz ağuşuna aldı. Quru yolları ilə bağlı da Operativ Qərargahın nümayəndələrinin əlində konkret təhlillər, araşdırmalar var.


Azərbaycan və dünya praktikasının nəzərə alındığını düşünürəm. Bu təhlillərdən sonra Operativ Qərargah mövcud vəziyyətə uyğun qərarlar verir. Biz də istərdik ki, quru sərhədləri açılsın, qatarlar çalışsın, vətəndaşlarımız qonşu ölkələrə səfərlər etsin. Ancaq bu məsələ bizim iradəmiz və istəyimizdən asılı deyil. Dəyərli vətəndaşlarımıza müraciət edib, demək istəyirəm ki, səbrli olsunlar və Operativ Qərargahın tövsiyələrinə əməl etsinlər”.  

Deputat Aqil Abbas isə məsələyə sərt reaksiya verib: “Quru sərhədlərini açana söyüş qoyublar. Bu məsələ Milli Məclisdə neçə dəfə gündəmə gəldi. Ancaq Operativ Qərargahın nümayəndələri quru sərhədlərini açmaq istəmirlər.


Qonşu dövlətlərdə yaxınları olan minlərlə insan var. Təyyarə biletləri də baha olduğu üçün onlar ciddi çətinlik yaşayırlar. Operativ Qərargah quru sərhədlərinin nə vaxt açılacağını dövlət sirri kimi bərk-bərk özündə saxlayır. Sanki bu məlumatı bölüşsələr, dövlət dağılacaq”. 

Millət vəkili Fazil Mustafa bildirib ki, bu məsələ ilə bağlı qərar verməyin vaxtıdır: “Quru yolları açılmalıdır. Bu, olmadığı təqdirdə vətəndaşlarımız fəlakətli şəkildə problemlərlə üzləşirlər. Bu problemlər gediş-gəliş və planlaşdırma ilə bağlıdır. Biz vətəndaşların marağını güdmək istəyiriksə, bu məsələ ilə bağlı düşünməliyik. İstənilən halda quru yollarının bağlı olmasının səbəbləri izah edilməlidir.


Fikrimcə, iyul ayının 1-dən məsələ öz həllini tapmalıdır. Ən azından insanlar yay aylarında səyahət edə və ya öz yaxınlarının yanına gedə bilsinlər. Hələ ki, xəstəliklə bağlı ciddi narahatlıq yoxdur və quru yollarının bağlı qalması heç bir məntiqə sığmır”.