Təhsil naziri Qazaxıstana getdi
    • 23-06-2022, 17:47
    • 336

Təhsil naziri Qazaxıstana getdi

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasının 5-ci iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında səfərdədir.

Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Nur-Sultan şəhərində yerləşən “Quantum” STEM məktəbi və Nazarbayev intellektual məktəblərini ziyarət edib, hər iki müəssisədə yaradılan şəraitlə tanış olub.

Nümayəndə heyətinə hər iki müəssisənin nailiyyətləri haqqında ətraflı məlumat verilib və Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraq ifadə edilib.

Sözügedən tarixdə nümayəndə heyəti həmçinin Peşə texniki kolleci və İctimai iaşə və xidmət kollecini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti müəssisələrin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Həmin gün təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının maarif naziri Asxat Aymaqambetov ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.