Fəzail Ağamalıdan gündəm olan fikri ilə bağlı AÇIQLAMA:
    • 24-06-2022, 16:47
    • 2 293

Fəzail Ağamalıdan gündəm olan fikri ilə bağlı AÇIQLAMA: "Danışanda da ittiham edirlər, susanda da..."

Bir neçə gün öncə millət vəkili Fəzail Ağamalının qiymət artımı ilə bağlı verdiyi açıqlama gündəm oldu. “Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”, – deputat deyib. Mövsüm meyvələrinin bahalığı haqqında danışan millət vəkilinin yüksək əməkhaqqı alan bir insan kimi yeni çıxan meyvələrdən ala bilməməsi fikri sosial şəbəkələrdə rezonans yaradıb. 

Məlum fikirlərlə bağlı deputatı qınayanlar da oldu, yumoristik paylaşım edənlər də.

News24.az məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı ilə hömsöhbət olub.

Deputat saytımıza açıqlamasında bildirib ki, ona qarşı qarayaxma kampaniyası həyata keçirilir: “Ərzaq bahalaşmasına mövzusuna toxunmaq istədim. Çünki jurnalistin sualı da bu səpkidə idi. Bu bahalaşmanın hər kəsə təsiri var. Qeyd etdim ki, bəli, bahalaşmanın mənim də büdcəmə təsiri var. Məsələnin ciddiliyini kənara qoyub, başqa yerlərə yozdular. Xüsusi bir şəbəkə var. Bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir. Çox böyük təəssüf hissi keçirdim.

Qiymət artımı dünyada gedən proseslərlə birbaşa bağlıdır. Ancaq Azərbaycanda yetişdirilən məhsulların qiymət artımı başadüşülən deyil. Təkcə pensiya və aşağı əməkhaqqı alanlara yox, yüksək əməkhaqqı alan şəxslərə də bu qiymət artımının təsiri var. Mənim hər şeyi almağa imkanım çatmır. Vətəndaşlarımızın mövqeyini müdafiə edəndə də ittihama məruz qalırsan, danışmayanda da ittihama məruz qalırsan. Bilmirsən ki, hansı mövqeyi tutasan. Sonra da deyirlər ki, niyə susursan? İndi nə edək, ölkədən çıxaq gedək? Sadəcə çox təəssüf edirəm”.