Azərbaycanda şok hadisə: Qardaşı oğlu ilə birgə 21 yaşlı qızı qaçırıb zorladı
    • 28-06-2022, 12:31
    • 1 032

Azərbaycanda şok hadisə: Qardaşı oğlu ilə birgə 21 yaşlı qızı qaçırıb zorladı

Goranboy rayonunda qızı zorla qaçırıb zorlayan 1981-ci il təvəllüdlü Ramil Əliyev və qardaşı oğlu, 1996-cı il təvəllüdlü Firdovsi Əliyev həbs edilib.

News24.az-ın məlumatına görə, onlar keçən ilin 30 avqust tarixində Goranboyun İrəvanlı kəndində 2000-ci il təvəllüdlü Aybəniz Rzayevanı (şərti adlı) zorla qaçırmaqda təqsirli biliniblər. Ramil barəsində Cinayət Məcəlləsinin 144 və 149-cu (adam oğurluğu və zorlama), onun qardaşı oğlu Firdovsi barəsində isə 144-cü maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, əslən Kəlbəcərin Seyidlər kəndindən olan Ramil Əliyev Bakıda yaşayıb və 2019-cu ildə dələduzluq əməlinə görə həbs edilib. 2 il həbsxanada cəza çəkən şəxs daha sonra ailə qurmaq qərarına gəlib. O, doğmalarının yaşadığı Goranboya gedib-gələndə rayondakı toxuculuq emalatxanasında işləyən Aybənizi görüb və onunla ailə qurmaq qərarına gəlib. Ramil ilk olaraq qızın nömrəsini taparaq ona mesaj yazıb. Avqustun ortalarında baş verən mesajlaşma zamanı qız ona rədd cavabı verib və nömrəsini qara siyahıya salıb. Bundan sonra Ramil Aybənizi zorla aparmaq qərarına gəlib və qardaşı oğlu Firdovsini də bu işə cəlb edib. Avqustun 30-da Aybəniz iş yoldaşı olan qadınla İrəvanlı kəndində yola çıxıb səhər işə gedərkən Ramil idarə etdiyi “Naz Lifan” markalı avtomobillə qəfil hücum edərək qızı zorla maşına salıb. Bu zaman qızın iş yoldaşı ona kömək etməyə çalışsa da, Firdovsi qadının ağzından tutub və ona xəsarət yetirərək kənara çəkib.

Daha sonra onlar Aybənizi Göygölün və Goranboyun bir neçə kəndinə müxtəlif şəxslərin evində gizlədiblər. Ramil Aybənizi oldürəcəyi ilə hədələyib və maşından düşməməsini bildirib.  41 yaşlı kişi daha sonra qaçırdığı 21 yaşlı qızla zorla cinsi əlaqədə olaraq onun bəkarətini pozub və bu yolla onun müqavimətini qırmağa çalışıb. 1 gün sonra Ramil qaçırdığı qızı yenidən zorlayıb.

Bir müddət sonra qızın ailəsinin polisə müraciəti əsasında Ramilin yeri müəyyən edilib və o tutularaq polis şöbəsinə gətirilib. Aybəniz Rzayeva onu zorla qaçırıb zorlayan şəxsdən şikayətçi olub.

Faktla bağlı açılmış cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılıb. Məhkəmədə Aybəniz Rzayeva Ramildən şikayətçi olduğunu bir daha təsdiq edib və ona ən ağır cəzanın verilməsini tələb edib. O, qaçırılma prosesinə iştirak edən Ramilin qardaşı oğlu Firdovsini isə bağışladığını bildirib.

Məhkəmə Ramilin 10 il 7 ay, qardaşı oğlu Firdovsinin isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.