Azərbaycanda gənc müəlliməni oğurlayıb zorlayan qardaşlardan MÜRACİƏT
    • 19-11-2019, 16:49
    • 1 337

Azərbaycanda gənc müəlliməni oğurlayıb zorlayan qardaşlardan MÜRACİƏT

3 il əvvəl Ağsu rayonunda gənc müəlliməni oğurladıqları üçün həbs edilən 2 qardaş Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, İsrəfilov Bəhruz Dursunəli oğlu və qardaşı Müşfiq Ali Məhkəmədən barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu maddəsi ilə açılan işin yenidən araşdırılmasını və barələrindəki hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliməsi 23 yaşlı S.Y oğurlanıb və cinsi təcavüzə məruz qalıb. Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı S.Y-nı zorla maşına mindirərək qaçıran Nüydü kənd sakinləri 1985-ci il təvəllüdlü İsrəfilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu barəsində başlanmış cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

Hadisəyə gəlincə, aprelin 19-da səhər saatlarında müəllimə dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.