Ceyhun Bayramov İƏT-in Baş katibi  ilə görüşdü
    • 28-06-2022, 18:34
    • 342

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

News24.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Baş katibi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov, Hissein Brahim Tahanın bu önəmli vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Nazir, Azərbaycanın İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və bu günədək təşkilatla çox fəal əməkdaşlığın aparıldığını qeyd edib. İƏT-in hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə dəstək verdiyi, keçmiş münaqişənin həlli ilə bağlı, habelə post münaqişə mərhələsində müvafiq qətnamələrin qəbul edildiyi minnətdarlıqla vurğulanıb.

Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə keçirilmiş görüşə məmnunluqla istinad edib. Baş katib İƏT Turizm nazirlərinin konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan təbrik edib.

Nazir Baş katibin şəxsən bu konfransda iştirakının tədbirə öz müsbət töhfəsini verdiyini bildirib. Azərbaycanın İƏT, habelə onun rəhbərliyi altındakı digər təşkilatlarla bundan sonra da səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu qeyd edilib.

Ceyhun Bayramov İƏT rəhbərinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. O, səfəri çərçivəsində Baş katibin azad olunmuş ərazilərə getməsinin buradakı vəziyyətlə, o cümlədən onilliklər boyu Ermənistan tərəfindən törədilən dağıntılar və hazırda Azərbaycan tərəfindən aparılan quruculuq işləri ilə yaxından tanış olmaq üçün yaxşı imkanı yaradacağını söyləyib.

Görüşdə, həmçinin İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, dünyada cərəyan hadisələr fonunda, xüsusilə də islam ümmətini narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.