Anam atamın başına tava ilə vurandan sonra onu bıçaqladı - 7 yaşlı uşaq
    • 4-07-2022, 15:38
    • 456

Anam atamın başına tava ilə vurandan sonra onu bıçaqladı - 7 yaşlı uşaq

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəm prosesi davam etdirilib.

News24.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qıniyevin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elşən Əlizadənin dostu Azad Əsədov sahid qismində ifadə verib. O bildirib ki, hadisə yerinə çatanda Elşən yaralı olub.

"Mən onlara çatanda Elşən yaralı idi, normal danışırdı. Mənə dedi ki, həyətdə iş görəndə yıxılıb, bıçaq sinəsinə batıb. Mən onlara çatandan sonra Gülnar dərman almaq üçün aptekə getdi. Elşənə təklif etdim ki, təcili yardım çağıraq. Elşən dedi ki, təcili yardım gəlsə, polisə xəbər edəcək. Ona görə də etiraz etdi, təcili yardım çağırmağa imkan vermədi.
Amma az sonra özü təcili yardıma zəng vurdu ki, sinəsinə bıçaq batıb, xəsarət alıb. Bir neçə dəqiqədən sonra isə yenidən o təcili yardıma zəng vurdu ki, gəlməsinlər.

Sonra Gülnar dərmanları alıb gətirdi. Elşən Gülnarın adını vermək istəmirdi. Məni kənara çəkib dedi ki, onu Gülnar bıçaqlayıb, amma bunu heç kim bilməsin", - şahid bildirib.

Prosesdə Elşən və Gülnarın oğlu, 7 yaşlı Hüseyn Əlizadə ifadə verərkən təqsirləndirilən şəxs huşunu itirərək şüşə qəfəsə yıxılıb.

Prosesdə fasilə elan olunub.

Fasilədən sonra ifadə verən 7 yaşlı Hüseyn Əlizadə bildirib ki, hazırda ata nənəsinin himayəsindədir: "Mən və balaca qardaşım hazırda ata nənəm Mahirə Hadıyevanın yanında qalırıq. Həmin gün anam işdən tez gəlmişdi, istirahət edirdi. Mən öz otağımda uzanmışdım. Birdən onlar dalaşdılar. Səsə otağımdan çıxanda anam atamın başına tava ilə vurdu. Daha sonra bıçaqladı. Atam yerə yıxıldı. Atam mənə dedi ki, polislər gəlsə, deyərsən ki, atam özünü bıçaqlayıb".

Təqsirləndirilən şəxsin qohumları prosesdə dava salıb. Onlar bildiriblər ki, Elşən Əlizadənin anası Mahirə Hadıyeva uşağı yalan ifadə vermək üçün hazırlayıb. Tərəflər arasında mübahisə yaranıb və iş üzrə məhkəmə prosesi iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

G.Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.