Muxtar Babayev: "Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir"
    • 5-07-2022, 10:07
    • 333

Muxtar Babayev: "Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir"

"Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur. Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir".

News24.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Xəzərlə bağlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır.

O qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir: "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir".

M.Babayev əlavə edib ki, Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür: "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə mütəmadi ekspedisiyalar keçirilir. Bu ekspedisiyaları zamanı toplanmış monitorinq məlumatları ilə bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq.

Eyni zamanda Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik. Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın mühüm rolunu qeyd etmək lazımdır.

İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekolioji problərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaqdır.

Bununla yanaşı Xəzər dənizinin dayazlaşma səbəbləri, onun fəsadlarının yumşaldımasına yönəlmiş milli uyğunlaşma planları ilə yanaşı regional uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi hər bir Xəzəryanı ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək".