Xəzər dənizinin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər AÇIQLANDI
    • 5-07-2022, 10:37
    • 293

Xəzər dənizinin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər AÇIQLANDI

Xəzər dənizinin səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər açıqlanıb.

News24.az-ın məlumatına görə, AMEA-nın akademiki Fəxrəddin Qədirov bildirib ki, iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansın komponentləri sırasında Xəzərə tökülən çay axımları, dəniz səthinə düşən yağıntılar, Xəzərin səthindən buxarlanma, Xəzərə axan yeraltı sular və axımlar yer alır.

“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda danışan akademik qeyd edib ki, iqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər də var: "Bura günəş aktivliyi və qabarma-çəkilmə də aiddir. Tektonik amillər arasında zəlzələ nəticəsində qırılma xətlərində baş verə biləcək axımlar, Xəzərdə baş verən vulkan püskürmələri nəticəsində yaranan lava axımları, ölitələrin qarşılıqlı təsiri nəticəsində dibin tərəddüdü yer alıb. Antropogen amillər iqlim dəyişmələrinə və bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur".

F.Qədirov vurğulayıb ki, Xəzər dənizinə yeraltı suların axmasına dair aparılan hesablamalar bu prosesin dəniz səviyyəsindəki tərəddüdlərə ciddi təsiri olmadığını göstərib: " Tədqiqatçıların əksəriyyəti iqlim və bununla yaxından əlaqəli axınlı-miqrasiya amilinə üstünlük verirlər. Bütün bu amillərin kompleks təhlili Xəzər dənizi səviyyə tərəddüdlərinin bir çox ssenarilər üzrə tədqiqatlarınızəruri edir. Aparılan tədqiqatlarda Xəzər dənizinin səviyyəsində tərəddüdlərə səbəb olan əsas amillər olaraq iqlim və çay sularının olduğu qəbul edilsə də, 1977-ci ildə başlayan və bu günə qədər davam edən kəskin dəyişmələr bu faktorlarla izah oluna bilmir".

"Xəzər dənizinin səviyyəsində tərəddüdlərlə seysmik proseslər arasında əlaqələrin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar bu prosesində qismən rol oynadığını ortaya qoyub. Başqa sözlə, Cənubi Xəzər plitəsinin kənarının seysmik hadisələr hesabına hətta əhəmiyyətsiz yerdəyişmələri həm zəlzələlərin hazırlanması zamanı, həm də onların baş verməsindən sonra dəniz səviyyəsində nəzərə çarpacaq fluktuasiyalara səbəb olacaq. Su balansı və seysmik təsirlə ilə hesablanmış səviyyənin dəyərləri ilə səviyyənin həqiqi mövqeyi arasındakı bu cür uyğunsuzluq Xəzər dənizinin səviyyəsinin tərəddüdünün təkcə iqlim amilləri ilə deyil, həm də bu bölgənin yer qabığında baş verən tektonik hərəkətlərlə də bir əlaqəsi olduğunu göstərir. Bu günə kimi iqlim dəyişmələri va tektonik proseslərlə səviyyə tərəddüdlərini əks etdirən tam fiziki model mövcud deyil" - akademik bildirib.