Akademik: "Xəzər regionu dünya iqtisadiyyatının diqqət mərkəzində olan, mühüm neft və qaz hasil va ixrac edən regiona çevrilib"
    • 5-07-2022, 10:28
    • 255

Akademik: "Xəzər regionu dünya iqtisadiyyatının diqqət mərkəzində olan, mühüm neft və qaz hasil va ixrac edən regiona çevrilib"

"Xəzər regionu dünya iqtisadiyyatının diqqət mərkəzində olan, mühüm neft və qaz hasil va ixrac edən regiona çevrilib. Yeni enerji resurslarının sürətlə axtarış və istismarı eyni zamanda bir sıra geosiyasi proseslərin yaranmasına səbəb olub".

News24.az xəbər verir ki, bunu AMEA-nın akademiki Fəxrəddin Qədirov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, iqtisadi cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması aktual problem olaraq qalır: "Xəzərdə neft və qazın intensiv kəşfiyyatı və hasilatı fonunda bir çox geo-ekoloji təhlükələrlə rastlaşırıq. Bunlar Xəzər dənizi səviyyə tərəddüdləri, dəniz dibinin deformasiyaları ilə bağlı geoloji təhlükələr və çirklənmə ilə bağlı ekoloji problemlərdir. Xəzərin ən zəngin bioloji ehtiyatlarının qorunub saxlanması da günümüzün aktual problemidir. Bunlar bir kontekstdə həllini gözləyən problemlərdir".

Akademik qeyd edib ki, bütün bu problemlərin elmi həlli Xəzəryanı dövlətlərin birlikdə aparacağı tədqiqatlara bağlıdır: "Geoloji inkişaf dövrü ərzində Xəzər regionu dəfələrlə litosfer plitələrinin qarşılıqlı təsiri ilə aktiv geodinamik proseslərin təsirinə məruz qalıb. Alp-Himalay qırışıq qurşağında baş verən plitə toqquşmaları nəticəsində meydana çıxan aktiv geodinamik proseslər Xəzər regionunun cənubunda (Tersk-Cənubi Xəzər çökəkliyi və Qafqaz-Kopetdağ qırışıq sistemi) bu gündə davam edir. Burada baş verən zəlzələlər, palçıq vulkanları və deformasiyalar Xəzər dənizində geodinamik şəraiti müəyyənləşdirir.

Araşdırmalar göstərir ki, zəlzələlərin və palçıq vulkanlarının aktivləşmə fazaları Ərəbistan plitəsinin dinamik təsiri ilə baş verən regional geodinamik rekonstruksiyalar dövrünə uyğun gəlir. Cənubi Xəzər zonasında Ərəbistan plitəsinin təsiri ilə seysmik və vulkanik hadisələr nəticəsində formalaşan geodinamik şərait və relyef dəyişmələri bu gündə özünü göstərir. İqlim dəyişmələri prosesi də bu dəyişikliklərlə eyni zamanda baş verir. Xəzər dənizi regionunda deformasiya və zəlzələlərin təsiri formalaşan geodinamik şərait və iqlim dəyişmələri ilə yanaşı dəniz səviyyəsinin anomal dəyişmələri də müşahidə olunur".

Akademik bildirib ki, bu günə kimi aparılan tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir: "Bu tədqiqatlar 100 il əvvəl Xəzərin səviyyəsinin 2 metr yüksək olduğunu göstərir. XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir. Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan-zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır".